×
A
A
A
Sazlamalar

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin Sədri Sahibə Qafarova açıb.
Sədr bildirib ki, gündəliyə 6 məsələnin ikinci oxunuşda müzakirəsi daxil edilib və bunlardan üçü büdcə sisteminə daxil olan sənədlərdə dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu məsələlər Prezident İlham Əliyevin məktubu ilə parlamentə daxil olub.
Gündəlik təsdiq edildikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk məsələ - “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. O qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb.
Tahir Mirkişili bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Sonra Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Vahid Əhmədov, Erkin Qədirli, Vüqar Bayramov, Rauf Əliyev, Fəzail Ağamalı, Etibar Əliyev, Aydın Mirzəzadə, Əziz Ələkbərov, Arzu Nağıyev, Səttar Möhbalıyev 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar, pandemiyanın yaratdığı iqtisadi gerçəkliklər, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər, təhsil haqları ilə bağlı büdcə vəsaitinin artırılması, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən ölkənin bəzi bölgələrində su qıtlığı problemlərinin həlli ilə bağlı həyata keçirilən layihələr barədə danışıblar.
Tahir Mirkişili və Maliyyə nazirinin müavini Azər Bayramov deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verib. 2020-ci ilin birinci yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlardan Tahir Kərimli, Vahid Əhmədov, Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Aqil Abbas sənədlə bağlı bəzi məqamlara toxundular, təkliflərini bildiriblər.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara ətraflı cavablar veriblər.
Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanuna təklif olunan dəyişikliklər də ikinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildirən Tahir Mirkişili qeyd edib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif edilir. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra Musa Quliyev “Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda şərh edib. Komitə sədri sənədin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin əksəriyyətinin nəzərə alındığını bildirib. Qeyd edilib ki, təkliflər əsasən texniki və stilistik xarakterli olub.
Qanun layihəsi ilə bağlı komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Razi Nurullayev və Sabir Rüstəmxanlı yeni təkliflərini səsləndiriblər.
Bundan sonra komitə sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqləndi.
Sonra “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklər (ikinci oxunuş) barədə məlumat verən Musa Quliyev deyib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.
Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.
Musa Quliyev qeyd edib ki, sənədin komitədə və Milli Məclisdə müzakirələri zamanı deputatlar və mütəxəssislər tərəfindən təklif olunan vacib məqamlar nəzərə alınıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, Milli Məclisin dünən keçirilən iclasında sənədlə bağlı geniş məlumat verilib və deputatlar tərəfindən heç bir təklif qeydə alınmayıb. Əli Hüseynli Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırıb.

Daxili siyasət 2020-08-06 15:02:00