×
A
A
A
Sazlamalar

Goranboy rayonunda şəxsi münasibətlər zəminində adam öldürməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 5-də saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbə sakini 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.
Goranboy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılaraq törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-08-06 10:48:00