×
A
A
A
Sazlamalar

Dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn qaydada təşkil ediləcək

Bakı, 5 avqust, AZƏRTAC

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn təşkil edilir. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.
Qeyd edək ki, avqustun 5-də 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 8-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 12-si B növü vəzifələrə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə sentyabrın 3-ü saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Elm və təhsil 2020-08-05 17:32:00