×
A
A
A
Sazlamalar

Sağlamlıq və mübarizə rəmzi olan Olimpiya Oyunlarında yeni qələbələrin sorağındayıq

Bakı, 5 avqust, Leyla Qurbanova, AZƏRTAC

Dünyanın idman ictimaiyyəti böyük həyəcan və səbirsizliklə Tokio Yay Olimpiya Oyunlarının startını gözləyir. Sağlamlıq və mübarizə simvolu olan Olimpiya Oyunlarının taleyi isə dünyanı sarsıdan yeni növ koronavirusun - COVID-19-un hökmündən asılı qalıb. Antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yollarla zəmanəmizə qədər gəlib çatan, bu yolda müxtəlif maneələrlə rastlaşsa da, əzəli mahiyyətini qoruyub saxlayan Olimpiya Oyunlarının müasir tarixinə nəzər salsaq, yalnız müharibələr dövründə təxirə salındığının şahidi olarıq. Belə ki, bu nüfuzlu yarış özünün bir əsrdən artıq tarixi dövründə yalnız 1916-cı (Birinci Dünya müharibəsi), 1940-cı və 1944-cü illərdə (İkinci Dünya müharibəsi) baş tutmayıb.
Əgər “Tokio-2020” Yay Olimpiya Oyunları vaxtında keçirilsəydi, bu günlər dünya ictimaiyyətinin diqqəti dördilliyin möhtəşəm mübarizəsinə yönəlmiş olardı. Amma nə etmək olar. Bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada uzun müzakirələrdən sonra düz bir il sonraya – 2021-ci il 23 iyul - 8 avqust tarixinə təxirə salınıb. Qeyd etmək lazımdır ki, bu tarixlə bağlı da hələ müzakirələrin aparılacağı, Tokio Yay Olimpiya Oyunlarının bir dəfə də təxirə salınması, yaxud da ləğvinin gündəmə gəlməsi istisna olunmur.
Yaponiyanın Kyodo agentliyinin iyulun 19-da təşkil etdiyi sosial sorğunun nəticələri rəyi soruşulanların 36,4 faizinin yarışların bir daha təxirə salınmasının tərəfdarı olduğunu göstərir. Oyunların təşkilat komitəsinin üzvü Harayuki Takahaşi “Nikkan Sports” qəzetinə müsahibəsində pandemiyaya görə yarışların 2021-ci ilin yayında keçirilməsinin mümkün olmayacağı təqdirdə, bir dəfə də təxirə salınması məsələsi ilə bağlı müzakirələrin aparılacağını bildirib.
Təşkilat komitəsinin sədri Yoşiro Mori yarışların 2021-ci ilin yayında keçirilməsinin mümkün olmayacağı təqdirdə Oyunların ləğv ediləcəyinin mümkünlüyünü də bildirib. Halbuki Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlamalarında dəfələrlə bildirib ki, Olimpiya Oyunlarının ləğvi gündəmdə deyil.
Tokionun qubernatoru xanım Koike Yuriko isə koronavirus pandemiyası səbəbindən gələn ilin yayına təxirə salınan Olimpiadanın təhlükəsiz şəraitdə keçiriləcəyinə söz verib. Bildirib ki, insanlarda gələcəyə ümid oyadan Oyunların təşkili üçün virusla mübarizədə səy göstərəcək. Y.Koike, həmçinin Yaponiyadan və xaricdən gələn idmançılar, azarkeşlər üçün təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olacağını vurğulayıb.
Şübhəsiz, Oyunlar keçirilsə belə sadələşdirilmiş şəkildə təşkil ediləcək. Belə ki, yarışların açılış və bağlanış mərasimlərində iştirak edənlərin, eləcə də stadionlarda tamaşaçıların sayına məhdudiyyət qoyulacaq. Yaponiya tərəfi yalnız idmançılar və komanda üzvləri üçün deyil, bütün azarkeşlər üçün də koronavirusa görə məcburi testin keçirilməsi variantını da nəzərdən keçirir. Ümumiyyətlə, Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərarın gələn ilin yazında qəbul ediləcəyi bildirilib.
Bu böyük tədbirin vaxtında baş tutmaması, həm də böyük maliyyə itkilərinə səbəb olub. Yarışın tarixinin 2021-ci ilə keçirilməsi BOK-a bir neçə yüz milyon dollara başa gələcək. Bu barədə Tomas Bax jurnalistlərə müsahibəsində bildirib. Əslində, BOK-un 2020-ci il Olimpiadasının başqa vaxta keçirilməsinə uzun müddət razılıq verməməsinin bir səbəbi də böyük maliyyə itkiləri ilə qarşılaşmamaq arzusu idi. Bununla bağlı ən böyük ziyan təbii ki, Yaponiyaya dəyib. Belə ki, “gündoğar ölkə” Olimpiadaya hazırlıq tədbirlərinə azı 12 milyard dollardan artıq vəsait xərcləyib. Ekspertlərin hesablamalarına görə, Oyunların başqa tarixə keçirilməsi reklam verənlərə təxminən 1 milyard dollara başa gələ bilər. Milli Olimpiya komitələrinin və iştirakçı ölkələrin özlərinin itirdikləri vəsaiti isə hələ hesablamaq lazımdır.
Dünyanın idman ölkələrindən biri hesab olunan Azərbaycanda Olimpiya hərəkatının inkişafının səngiməməsi, eləcə də bu təhlükəli virusla mübarizədə bütün mümkün tədbirlər görülür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan koronavirusun ağır zərbələrindən yayınmağa müvəffəq olub. Düzdür, ölkəmizdə də pandemiya səbəbindən insanların sağlamlığı əsas götürülərək idman tədbirləri təxirə salınıb, yaxud da ləğv olunub. Lakin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, həmçinin ayrı-ayrı federasiyalar tərəfindən idmançılara nəzarət proqramı yüksək səviyyədə davam etdirilir. O cümlədən Tokio Yay Olimpiya Oyunlarına hazırlıqlar daim dövlətin diqqət və nəzarəti altındadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqillik dövründə Olimpiya Oyunlarında yüksək nailiyyətləri ilə fərqlənən dövlətlərdəndir. Şübhəsiz, bu ənənənin davam etdirilməsi üçün dövlətimiz tərəfindən olimpiadaya hazırlıq xüsusi proqram əsasında aparılır. Dördilliyin ən böyük tədbirinin 2021-ci ilə keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramı sistemli şəkildə davam etdirilir. Federasiyalar tərəfindən ehtiyatda olan atletlərin siyahısı hazırlanır, eləcə də gənc və perspektivli idmançılarla bağlı mümkün tədbirlər görülür.
Qeyd edək ki, atletlərimiz indiyə qədər atletika, üzgüçülük, qadın güləşi, sərbəst güləş, bədii gimnastika, qrup hərəkətləri üzrə komanda, güllə atıcılığı, idman gimnastikası, şose velosipedi, taekvondo, boks növlərində Tokio Olimpiadasına 13 lisenziya qazanıblar. İki karateçimiz - İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq) reytinq xallarına görə Olimpiadaya vəsiqə qazanmış hesab olunurlar. Bu idman növündə lisenziya yarışları başa çatdıqdan sonra Olimpiadaya vəsiqəni təmin etmiş idmançılar müəyyənləşəcək.
Ölkəmiz olimpiadalar tarixində ən böyük uğurunu sonuncu Olimpiya Oyunlarında – “Rio-2016”da əldə edib. Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox – 18 medal qazanıb.
“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 56 atletlə idmanın 17 növü üzrə təmsil olunan komandamıza medalları cüdoçu Rüstəm Orucov və Elmar Qasımov (hər ikisi gümüş), güləşçilərdən Toğrul Əsgərov, Xetaq Qazyumov, Mariya Stadnik (gümüş), Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Sabah Şəriəti, Rəsul Çunayev (bürünc), kanoe yarışında Valentin Demyanenko (gümüş), İnna Osipenko-Radomska (bürünc), taekvondoçular Radik İsayev (qızıl), Patimat Abakarova, Milad Beigi Hərçəqani (bürünc), boksçulardan isə Lorenso Sotomayor (gümüş) və Kamran Şahsuvarlı (bürünc) qazanıblar. Yekunda 1 qızıl, 7 gümüş və 10 bürünc medal əldə edən Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu, sayına görə isə 15-ci yerdə qərarlaşıb. Azərbaycan, həmçinin Avropa dövlətləri arasında 21-ci (medal sayına görə 7-ci), İslam ölkələri arasında 4-cü (medal sayına görə 1-ci), keçmiş SSRİ respublikaları arasında isə 6-cı (medal sayına görə 2-ci) yerdə qərarlaşıb.
Hər Olimpiya Oyunlarında göstəricilərini daha da yaxşılaşdıran Azərbaycan komandası dördilliyin növbəti zirvə yarışında da böyük uğurlar qazanmaq iqtidarındadır. İnanırıq ki, dünyanı cənginə alan koronavirus bəlası tezliklə Olimpiya Oyunlarından da yan keçəcək, insanlarda gələcəyə böyük ümidlər oyadan Olimpiada dünyanın ən güclü atletlərini yenidən hünər meydanında bir araya gətirəcək.
İnsan iradəsinin və gücünün vəhdətindən doğan ilahi yüksəliş məhz Olimpiadanın zirvəsinə gedən müqəddəs yoldan keçir. Bu yolda sülhün, barışığın, tolerantlığın, Olimpiya ideyalarının carçısı olan Azərbaycan daha inamlı addımlarla irəliyə doğru hərəkət edir. Əminik ki, ölkəmiz növbəti yarışlarda daha güclü komanda ilə daha böyük nailiyyətlərə imza atacaq.

İdman 2020-08-05 17:00:00