×
A
A
A
Sazlamalar

DSX: 24 kiloqrama yaxın narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Bakı, 5 avqust, AZƏRTAC 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Avqustun 4-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqamətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin sürücüsünün Cəbrayıl rayonunun Mehdili kəndi sakini 1989-cu il təvəllüdlü Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilib. Onun üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi çəkisi təxminən 23 kiloqram 600 qram olan narkotik vasitəyə və psixotrop maddəyə (1 kiloqram 62 qram marixuanaya, 15 kiloqram 256 qram heroinə, 3 kiloqram 964 qram metamfetaminə, 2 kiloqram 122 qram həşişə və 1460 ədəd “Metadon-40” həbinə) oxşar maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-08-05 16:29:00