×
A
A
A
Sazlamalar

Dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur

Bakı, 5 avqust, AZƏRTAC

Dünyada cərəyan edən pandemiya şəraitində sosial və iqtisadi durum hər kəsə bəllidir. Bu gün dünyanın bir çox ölkələrində iqtisadi tənəzzül müşahidə olunur, hətta sosial proqramlar ixtisar edilir. Eyni zamanda, 10 minlərlə iş yeri olan dünyanın transmilli korporasiyaları, böyük şirkətləri belə artıq ixtisarlara, xərclərin optimallaşdırılmasına gedirlər. Bu gün elə ölkələr var ki, orada işsizlik 50-60 faizə çatıb, gün ərzində 26-30 milyon insan yalnız isti xörək üçün kilometrlərlə uzunluqda növbələrdə durur, ərzaq çatışmazlığı səbəbindən mağazalarda qarşıdurmalar baş verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
“Dünyada elə iqtisadi zonalar var ki, oraya daxil olan ölkələrə pandemiyanın vurduğu iqtisadi zərərləri aradan qaldırmaq üçün 400-500 milyard avro tələb olunur”, - deyən Sədaqət Vəliyeva bildirib: “Yəni, səslənməyən bir çox sosial-iqtisadi problemləri də nəzərə alsaq, bu gün ümumən dünyada vəziyyət sabit deyil. Əlbəttə, belə bir məqamda Azərbaycan dövlətinin büdcəsində də xərclərin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsinin təhlili də onu göstərir ki, burada söhbət heç bir sosial layihənin ixtisarından getmir. Əksinə, sosial və iqtisadi sahədə xərclərin optimallaşdırılması aparılır. Halbuki, bu gün bir sıra Avropa ölkələrində ya sosial layihələrin ixtisarını, ya da sosial öhdəliklərin yerinə yetirilməsində çatışmazlıqların, gecikmələrin olduğunu müşahidə edirik. Bu səbəbdən də dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur. İndi elə bir zamandayıq ki, müvəqqəti də olsa, qənaət rejiminə keçilməli, ağır dövrü mərhələli şəkildə başa vurmalıyıq. Lakin bununla yanaşı, karantin rejiminin də tələblərini pandemiya şəraitindən asılı olaraq yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”.

İqtisadiyyat 2020-08-05 16:18:00