×
A
A
A
Sazlamalar

Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti 2 avqust - Milli Kino Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
Bildirib ki, bu il 60 yaşları tamam olan Əməkdar incəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətilə Milli Kino Günündə pul mükafatları təqdim edilib.
Bununla yanaşı, ittifaqın rəsmisi bildirib ki, Milli Kino Günü ilə bağlı kino veteranları olan Əməkdar incəsənət xadimi Leyla Səfərova, Əməkdar mədəniyyət işçisi Rəfiqə Budaqlı, Əməkdar mədəniyyət işçiləri Şahin Qalabəyov və Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və veteran Ədalət Yunusova da pul mükafatları verilib.
Əli Vəliyev daha sonra qeyd edib ki, Respublika Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin hər il təqdim etdiyi “Milli Kino” mükafatı isə pandemiya ilə bağlı olaraq sentyabr ayında açıqlanacaq.

Mədəniyyət 2020-08-05 16:04:00