Yaponiyanın Aiçi prefekturasında da fövqəladə vəziyyət rejimi elan olunub
Tokio, 5 avqust, AZƏRTAC
Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasında da koronavirusa yoluxma hallarının sayı kəskin artdığına görə fövqəladə vəziyyət rejimi elan edilib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə prefekturanın qubernatoru Hideaki Omura avqustun 5-də bəyan edib.
“Fövqəladə vəziyyət rejimi avqustun 6-dan 24-dək davam edəcək. Biz Aiçi sakinlərini lazımsız və təcili olmayan səfərlərdən çəkinməyə, o cümlədən prefekturadan kənara, digər regionlara səyahət etməməyə çağırırıq”.
Qeyd edək ki, mərkəzi şəhəri Naqoya olan Aiçi prefekturası Hönşü adasının mərkəzi hissəsində yerləşir. Bu prefekturada təqribən 7,5 milyon insan yaşayır. Eyni zamanda, burada çoxsaylı sənaye müəssisələri yerləşir.
Bildirilir ki, son doqquz gündə prefekturada sutkada 100-dən çox koronavirusa yoluxan qeydə alınıb və bu fakt yerli hakimiyyət orqanlarını məhdudiyyət tədbirlərini gücləndirməyə vadar edib. Aiçi prefekturasından əvvəl Okinava və Mie prefekturalarında da fövqəladə vəziyyət rejimi elan edilib.
Əlavə olaraq qeyd edək ki, Yaponiyada son sutka ərzində 1200-dən çox koronavirusa yoluxan qeydə alınıb. Beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 41 min 400 nəfəri ötüb, 1035 nəfərin həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma
Brüsseldə zorakılıq halları nəzarətdən çıxır
Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb