×
A
A
A
Sazlamalar

Qəbələdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi önəm verilir

Qəbələ, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi bu gün dövlətin gənclərlə bağlı siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Azərbaycan gəncliyi işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə avqustun 5-də keçirilən “Şəhidlik - ölməzlik zirvəsidir” mövzusunda onlayn konfransda səsləndirilib.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq, konfransın gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması işinə töhfə vermək, Azərbaycanın milli qəhrəmanlarını, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəman oğullarımızı gənclərə tanıtmaq, həmçinin qəhrəmanlıq nümunələrinin gənclər arasında daha geniş təbliğ edilməsinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Konfransda Qəbələ Gənclərin İnkişafı və Karyera Mərkəzinin mütəxəssisi Nərmin Cabbarlı, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aygün Məmmədova, Qəbələ Regional QHT-nin Resurs və Təlim Mərkəzinin işçisi Mehrab Səhrablı, fəal gənc Rüfət Əhmədov mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və bu təxribatların qarşısının alınması məqsədilə silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətləri olmuş şəhidlərin gənclər arasında tanıdılmasına xidmət edən belə tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Regionlar 2020-08-05 15:52:00