×
A
A
A
Sazlamalar

Digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyan şəxslər məsuliyyətə cəlb ediliblər

Bakı, 5 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə COVID-19 virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirir, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsini ciddi nəzarətdə saxlayırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülür, COVID-19 virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müvafiq qaydalara riayət etmələrinə, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamalarına diqqət yetirilir.
Təkcə cari ilin iyulunda paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.
Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər. Xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə onların barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sosial 2020-08-05 15:47:00