×
A
A
A
Sazlamalar

Baş prokuror: Cari ilin birinci yarısında 13 min 310 cinayət hadisəsi qeydə alınıb

Bakı, 5 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında 13 min 310 cinayət hadisəsi qeydə alınıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsindəki məruzəsində deyib.
Hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını vurğulayan Baş prokuror əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd edib.
Baş prokuror bildirib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət göstəricilər hesabat dövründə də davam edib. Bu ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5 faizi ağır və xüsusilə ağır növlər təşkil edib.
Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, cinayətlərin açılması 82,1 faiz təşkil edib.
Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilib, 103 cinayətkar qrup zərərsizləşdirilib.

Sosial 2020-08-05 15:40:00