×
A
A
A
Sazlamalar

Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib FOTO

Abşeron, 5 avqust, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən görülmüş işlərlə yaxından tanış olmaq üçün avqustun 5-də Gənclər və İdman naziri Azad Rəhimov və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Abşeron Olimpiya İdman kompleksinə baxış keçiriblər.
İyulun ilk həftəsindən təyinatının müvəqqəti dəyişdirilməsi işlərinə başlanılmış kompleksdə xəstələrin müvafiq həcmdə bərabər və təhlükəsiz şəkildə oksigenlə təminatı üçün stansiyadan palatalara xüsusi tibbi mis borular çəkilib, binanın daxilində müasir paylayıcı avadanlıqlar quraşdırılıb. Çarpayı sayına uyğun palatalarda divar tipli oksigen ötürücü, tənzimləyici və nəmləndirici avadanlıq və maskalar yerləşdirilib.
Kompleksdə COVID-19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün qısa müddətdə Türkiyədən alınan 54 kub/metr gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Stansiyada 75 kVt gücündə Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 54 kub/metr (900 litr/saniyə) gücündə, 95 faizdən artıq saflıqda oksigen təmin etmə imkanı olan Medisam oksigen generatoru, xüsusi filter dəstləri və digər avadanlıqlar da var. Eyni zamanda, stansiyada ehtiyat oksigen tutumları quraşdırılaraq onların avtomatik təchizata qoşulmasını təmin edən 150 kub/saat gücündə idarəetmə sistemi yaradılıb. Stansiyaları elektrik enerjisi ilə təmin etmək üçün yeni xətlər çəkilib.
Kompleksin binaları funksional zonalara bölünərək xəstələrin qəbulu və evə yazılması, tibb heyətinin binaya təhlükəsiz giriş-çıxışı, qida və digər malların binaya qaydalara uyğun şəkildə qəbul edilməsi və paylanması üçün lazımi keçid şlüzləri yaradılıb. Binada dərman və dezinfeksiya vasitələrinin, tibb heyətinin qoruyucu vasitə və geyimlərinin, digər malların saxlanması üçün anbarlar, həkim otaqları, növbətçi tibb bacısı postları və digər zəruri otaqlar yaradılıb. Palatalar müvafiq sayda tibbi çarpayılar, rəflər, yataq dəstləri və dəsmallarla təchiz edilib.
Abşeron Olimpiya İdman Kompleksinin 3 idman zalında və foyesində müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 277 nəfər olan xəstəxana palataları və 10 çarpayı yerlik reanimasiya zalı yaradılıb. Tibb heyətinin istirahət və yaşayışı üçün kompleksin 45 nəfərlik mehmanxanasından istifadə etmək nəzərdə tutulub. Kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək.

Regionlar 2020-08-05 15:36:00