×
A
A
A
Sazlamalar

Mayın 1-dən indiyədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub

Bakı, 5 avqust, AZƏRTAC

Mayın 1-dən indiyədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsindəki məruzəsində deyib.
Kamran Əliyev diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddətdə rəhbər vəzifələrə - Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər.
Baş prokuror deyib ki, bu günədək 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyinat alıb. Son üç ay ərzində aparılan islahatlar nəticəsində 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub. Onlardan 16-sı təkrar, ikisi isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyinat alıblar. Eləcə də Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilib. Onlardan 7 prokurorluq işçisi ilk dəfə idarə və şöbə rəisi vəzifəsinə təyin olunub. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin edilib.

Sosial 2020-08-05 15:26:00