×
A
A
A
Sazlamalar

TƏBİB-in İdarə Heyətinin sədri: AMEA ilə sıx əməkdaşlıq bizim üçün son dərəcə vacibdir

Bakı, 5 avqust, AZƏRTAC 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə ilk dəfə olaraq tam avtomatlaşdırılmış PCR laboratoriyaları Azərbaycana gətirilib. Hazırda Sumqayıt şəhər 1 saylı Xəstəxanasında 2, Mingəçevirdə 1, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1, Mərkəzi Neftçilər Xəstəxanasında isə 2 PCR laboratoriyası fəaliyyət göstərir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib. O, TƏBİB-in ölkənin elmi qurumları ilə koordinasiyasının təşkilində AMEA-nın xüsusi rolunu vurğulayıb. Koronavirusla bağlı tədqiqatların aparılması və vaksinin hazırlanması istiqamətində akademiya ilə sıx əməkdaşlığın son dərəcə vacib olduğunu qeyd edib. Həmçinin TƏBİB-in Elm və təhsil departamentinin fəaliyyətindən söz açıb. Çin və İtaliyadan gələn tibbi heyətlə COVID-19-a qarşı vaksinlərin hazırlanmasına dair birgə tədqiqatlar aparılacağını, eyni zamanda, koronavirusla bağlı araşdırmaların nəticələrinin dünyanın nüfuzlu jurnallarında dərc olunacağını diqqətə çatdırıb.
Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, aşkar edilmiş pozitiv halların təxminən 80 faizə yaxını həmin avtomatlaşdırılmış laboratoriyalar və yüksək keyfiyyətli reaktivlərin hesabına mümkün olub, bir milyon əhaliyə düşən test sayına görə Azərbaycan dünyanın öndə gedən ölkələrindən biridir.
Qeyd olunub ki, yeni Çağrı Mərkəzinə 70-ə yaxın həkim cəlb edilib. Bu mərkəzdə tibbi personal, ictimaiyyət, o cümlədən xəstələr üçün psixoloji dəstək qrupu yaradılıb.
R.Bayramlı tibbi tullantıların idarə olunması və biotəhlükəsizliyin təmin edilməsinin COVID-19 ilə mübarizə çərçivəsində ən vacib məsələlərdən biri olduğunu qeyd edib. O, xəstəxanaların bir çoxunda bu sahədə ciddi boşluqlarun aşkarlandığını bildirib, bu işdə Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyini xüsusi vurğulayıb: “Biz artıq xüsusi layihələr hazırlayıb hökumətə təqdim etmişik. Tibbi tullantıların idarə olunması üçün TƏBİB-in digər bir layihəsi ilə bağlı işlər davam etdirilir. Məhz bu istiqamətdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində biz biotəhlükəsizliyi təmin edə, xəstəxanalardakı tibbi tullantıları doğru idarə etməklə yoluxmanın qarşısını ala bilmişik”.
O, TƏBİB-in Elmi komitəsi haqqında da məlumat verərək, buraya elmi-tədqiqat institutlarının aparıcı mütəxəssisləri, o cümlədən AMEA-nın bir neçə əməkdaşının cəlb edildiyini deyib: “Komitə üzvləri mütəmadi olaraq toplantılar keçirib, TƏBİB-in hazırladığı bütün metodiki tövsiyələri müzakirə edib, müvafiq qərarlar qəbul edib”.
TƏBİB-in İdarə Heyətinin sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini deyib, ölkə başçısının tapşırığı ilə Türkiyədən yüksəkixtisaslı həkim-mütəxəssislərin Azərbaycana dəvət olunduğunu, onların xəstəxanalarda tibbi personallara təlimlər keçdiyini, həm də koronaviruslu xəstələri müalicə etdiklərini nəzərə çatdırıb. Eyni zamanda, Rusiya, Çin, İtaliya və Kuba ilə ikitərəfli danışıqlar aparıldığını, bu ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində tədbirlər görüldüyünü söyləyib.
“Elektron qeydiyyat sisteminin hazırlanması qarşımızda duran əsas məsələlərdən biri idi”, - deyən R.Bayramlı xəstə sayının idarə olunmasında elektron idarəetmə sisteminin vacibliyindən danışıb. O, həmçinin Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Bu da xalqın Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq nümayiş etdirdiyi həmrəyliyin nəticəsidir”.

Elm və təhsil 2020-08-05 15:12:00