×
A
A
A
Sazlamalar

Xaçmazdakı Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi inşa olunur VİDEO

Xaçmaz, 5 avqust, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazdakı Şəhidlər Xiyabanında abadlıq və yenidənqurma işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 225 xaçmazlı şəhidin xatirəsi əbədiləşdiriləcək.
Şəhidlər Xiyabanında tikiləcək xatirə kompleksinin qarşısında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulacaq. Yenidənqurma işləri çərçivəsində xiyabanda 17,5 metr hündürlüyündə “Əbədi məşəl” abidə-kompleksi inşa olunacaq.
İş icraçısı Gəncəli Məhərrəmov bildirib ki, xiyabanın ümumi sahəsi 2500 kvadratmetrdir. Tikinti işləri pandemiya dövrünün tələblərinə uyğun aparılır. Xiyabanda şəhidlərin şəkilləri əks olunmuş xatirə lövhələrinin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq “Əbədi məşəl” abidə-kompleksinin tikintisinə başlanılıb. Qarşıdakı günlərdə xiyabanda yaşıllaşdırma və xüsusi işıqlandırma sisteminin quraşdırılması işlərinə start veriləcək.
Aprel ayından başlanan yenidənqurma işlərinin bu ilin oktyabrınadək yekunlaşdırılması nəzərdə tutulub.

Regionlar 2020-08-05 11:47:00

Video