×
A
A
A
Sazlamalar

“Hər kitab bir dünyadır” layihəsi davam edir

Bakı, 4 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı "Hər kitab bir dünyadır" layihəsinə davam edir və Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına müraciət edərək "Dağlar arxasında üç dost" əsəri haqqında videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda yazıçının həyat yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat əksini tapıb.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayıb, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyib. Məhz bu keyfiyyətinə görə onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur.
İlyas Əfəndiyev yaradıcılığı çoxşaxəlidir. Belə ki, o, yaradıcılığı dövründə hekayələr, əmək qəhrəmanları haqqında oçerklər, irihəcmli pyeslər və romanlar, dramaturji cəhətdən bir-birindən fərqli olan səhnə əsərləri yazıb-yaradıb. Məhz bu kontekstdən İlyas Əfəndiyev bütün sovet məkanında öz dövrünün ən görkəmli və məhsuldar yazıçısı kimi dəyərləndirilib.
İlyas Əfəndiyevin xarici ölkələrin teatrlarında səhnələşdirilən dramaturgiya nümunələri də az deyildir. Ədibin ayrı-ayrı əsərləri türk, fars, rus, alman, ingilis, fransız, bolqar, çex və digər dillərə tərcümə edilib. Onun yaradıcılığı təkcə nəsr və dramaturgiya nümunələri ilə məhdudlaşmır. O, bədii yaradıcılığın mühüm sənətkarlıq məsələlərinə, yazıçı fərdiyyətinə, dil, üslub problemlərinə, dram əsərlərinin səhnə təcəssümünə dair qiymətli məqalələrin, onlarla publisistik yazının müəllifidir.
Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:
https://m.facebook.com/story.php?story_fbid=2770831523203137&id=100008289486457
https://www.instagram.com/p/CDYuSUDBLQv/?igshid=baox90lqyxaa

Mədəniyyət 2020-08-04 14:40:00