×
A
A
A
Sazlamalar

Ölkəmizdə könüllülük fəaliyyəti şaxələnir

Bakı, 4 avqust, AZƏRTAC

Ölkə rəhbərliyi tərəfindən son dövrlərdə aparılan işlər və mədəniyyətə ayrılan misilsiz qayğının nəticəsi olaraq gənclərimizin sözügedən sahəyə artan diqqətin şahidi oluruq. Mövcud kontekstdə ölkəmizdə sürətlə inkişaf edən könüllülük fəaliyyəti də xüsusi olaraq vurğulanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına pandemiya dövründə xüsusi fəallıq göstərmiş regionlarda çalışan gənc mədəniyyət könüllüləri ilə görüş təşkil edib.
Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Cavid Əliyev bildirib ki, ötən ildə mərkəz tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə, yarışlarda, sərgilərdə, müsabiqələrdə, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak ediblər. Qeyd edilib ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Həmçinin pandemiya dövründə xüsusi fəallıq göstərmiş gənc mədəniyyət könüllülərinin mükafatlandırılmasıdır.
Mərkəzin şöbə müdiri Nurəddin Babazadə pandemiya dövründə yerli və beynəlxalq könüllülük fəaliyyətini müqayisəli təhlil etdi, nöqsan və üstünlüklər, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib. Mədəniyyət və incəsənət sahələrində çalışan gəncləri, xüsusən, bu dövründə könüllülük fəaliyyətində fəal olmağına çağırıb.
Tədbirin təşəbbüskarı olan Gədəbəy rayonun Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov rəhbərlik etdiyi ideoloji müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verib. Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev məktəbin fəaliyyətindən bəhs edib.
Öz növbəsində çıxış edən Gədəbəy rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Sonda Mədəniyyət könüllüləri Nicat Nəsibova, Fatimə Əmiraslanovaya, Nəhayət Mustafayevə, Sübhan Xıdırzadəyə, Muraz Süleymanova və Narın Məmmədhəsənovaya ictimai fəallığına görə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sertifikatları təqdim olunub.
Görüşün sonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, mədəniyyət sahəsində könüllülük fəaliyyətinin koordinatoru Asif Usubəliyev çıxış edərək gənc mədəniyyət könüllülərini və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə edib. Direktor bildirib ki, keçən il mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreoqrafiya Akademiyasının, Bakı Humanitar kollecinin tələbələri də qoşulub. Vurğuladı ki, öz tarixini, mədəniyyətini, mənəviyyatını tədqiq və təbliğ edən hər bir şəxsi könüllü adlandırmaq olar. Eyni zamanda, bundan sonra regionlardan fəaliyyət göstərən Mədəniyyət könüllülərin vəsiqə və sertifikatların məhz regionun Heydər Əliyev mərkəzlərində təqdim olunacağı barədə məlumat verib.
Qeyd edək ki, tədbirdə Mərkəzin əməkdaşları və könüllülərlə yanaşı, bir sıra Heydər Əliyev Mərkəzlərinin direktorları da iştirak ediblər.

Mədəniyyət 2020-08-04 14:34:00