×
A
A
A
Sazlamalar

İmtahan həyəcanı və onun aradan qaldırılması yolları

Bakı, 4 avqust, AZƏRTAC

Məktəbli, tələbə, kursant, sürücü - hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyəcanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyəcan bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahan isə xüsusilə daha çox həyəcan doğurur. Qəbul imtahanları yaxınlaşdıqca gərginlik daha da artır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova imtahan həyəcanı haqqında danışarkən AZƏRTAC-a deyib: “İlk növbədə sakitləşmək, imtahanın uğurlu keçəcəyinə özünü yönəltmək, küyə düşməmək çox vacibdir. Əgər imtahan verməyə hazırlaşan abituriyent özünə inamlı deyilsə, həyəcanlanırsa, bu, ona biliyini toplamağa, diqqətini mərkəzləşdirməyə mane olur. Belə vaxt onlara özünütəlqin və avtotreninq məsləhət görülür, həmçinin idman hərəkətləri, təmiz havada gəzinti ilə özlərini sakitləşdirə bilərlər. Səhər gimnastikası fiziki və zehni gərginliyi götürmək üçün çox faydalıdır, imtahanqabağı isə xüsusilə vacibdir. Əgər imkan varsa hovuza getmək məsləhətdir, çünki bu, güc və enerji verir.
İmtahana gecələr hazırlaşmaq düzgün deyil. Beyinin yaxşı işləməsi üçün yaxşı yatmaq vacibdir. Abituriyentlər üçün bağça rejimini nəzərdə tutan psixoloqlar imtahana hazırlaşarkən gecə tez yatmağı, səhər tez durmağı, həmçinin günorta 1 saat yatmağı məsləhət görür. Yatmazdan əvvəl ən çətin materialı təkrar etmək lazımdır, çünki beyin təkcə oxuyarkən işləmir, o yatarkən, sakit şəraitdə qəbul etdiyi informasiyaları seçir və uzun müddət qalmaq üçün hafizəyə ötürür. Deməli, materialın mənimsənilməsi hətta yuxuda da davam edir.
İmtahan hazırlığının əsasında vaxtın düzgün bölünməsi dayanır. Saatlarla fasiləsiz oxumaq məsləhət deyil, mütləq istirahətə vaxt ayırmaq lazımdır. Səmərəli istirahət üçün musiqi və heyvanlarla ünsiyyəti seçmək faydalıdır. Əlbəttə ki, istirahətdən sonra diqqəti mərkəzləşdirmək çətin olur. Ancaq təxminən 10 dəqiqədən sonra beyin informasiyanı daha yaxşı qəbul edəcək”.
Psixoloq daha sonra deyib: “İmtahana bir gün qalanda abituriyent oxuduqlarını gün ərzində təxminən 1 saat təkrar edə, yaxud ümumiyyətlə, oxumaya bilər. Amma yeni mövzulara qətiyyən toxunmamaq lazımdır, çünki bu, beyin üçün çox böyük yük olar və özünə inamı azaldar. Təmiz havada gəzmək uzun müddət gərgin vəziyyətdə işləyən beynin fəaliyyətini tənzimləyir. Yatarkən isti süd içmək yuxunu möhkəmləndirir, sakitlik yaradır. Bəzi xırdalıqlara gəldikdə isə, məsələn, klassik musiqiyə qulaq asmaq, şokolad yemək, otaqda yasəmən gülünün ətri kimi elementlər yaddaşa çox yaxşı təsir edir. Eyni zamanda, rənglərin də təsirini unutmaq olmaz. Məsələn, sarı və bənövşəyi rəngin beyinə çox yaxşı təsiri var. Bunun üçün təbii ki, otağı rəngləmək vacib deyil, sadəcə bu rəngdə olan kağızlarla müvəqqəti fon yaratmaq olar”.

Səhiyyə 2020-08-04 13:11:00