×
A
A
A
Sazlamalar

Kürdəmirdə narkotik vasitə aşkarlanıb

Kürdəmir, 4 avqust, AZƏRTAC 

Kürdəmirdə küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon polis şöbəsinə (RPŞ) Sığırlı kənd sakini, əvvəllər məhkum olunmuş Nəhmədov Balaş Mehti oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması, habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları Balaş Nəhmədovun yaşadığı evə baxış keçirib və oradan 77 ədəd ümumi çəkisi 15 kiloqram olan narkotik vasitə - çətənə bitkisi aşkarlanaraq götürülüb. Balaş Nəhmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı o cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2020-08-04 01:40:00