×
A
A
A
Sazlamalar

Şəmkir rayonunun Sabirkənd kəndində top mərmisi aşkarlanıb

Bakı, 3 avqust, AZƏRTAC

Avqust 3-də saat 11:10-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonunun Sabirkənd kəndində qazıntı işləri aparılarkən mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Şəmkir Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir regional bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik top mərmisi aşkarlanıb. Həmin mərmi zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 350 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2020-08-03 18:48:00