×
A
A
A
Sazlamalar

Azərbaycanın İtaliyadakı səfiri: Sivil dünya işğalçı Ermənistanla məsafəli davranmalıdır

Roma, 3 avqust, AZƏRTAC

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək və Qərb dünyasında və xristian dini çevrələrdə Ermənistanın mövqeyinə dəstək qazandırmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "sivilizasiyalar arasında toqquşma" olduğunu iddia edir və münaqişəni "müsəlman ölkələrinin əhatəsində olan kiçik "əzabkeş" xristian erməni xalqının yaşamaq uğrunda mübarizəsi" kimi təqdim edir”.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə katolik dini dairələrdə populyarlığı ilə tanınan “Faro di Roma” online qəzetinin müxbiri Giordano Merlicco ilə geniş müsahibəsində erməni tərəfinin bu yalan iddialarını ifşa edib.
Diplomat müsahibəsində münaqişənin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş və Ermənistanın indiyədək məhəl qoymadığı sənədlər, habelə iyulun 12-dən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi təxribatlar haqqında danışıb.
Səfir son hadisələr zamanı çox sayda italyan parlamentarilərinin, siyasətçilərinin və tədqiqatçılarının beynəlxalq hüquq normalarına uyğun olduğu üçün Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. Bununla yanaşı, erməni tərəfinin Qərb dünyasının dəstəyini qazanmaq üçün münaqişəni sivilizasiyaların toqquşması kimi təqdim etdiyini deyən diplomat münaqişənin birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından doğan məsələ olduğunu qeyd edib. Ermənistanın fərqli mədəniyyətlərə və etnik qruplara yer olmayan monoetnik dövlətə çevrildiyini, həm bu ölkədə, həm də işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsinin məhv edildiyini bildirib.
Diplomat Azərbaycanın dünyəvi ölkə olduğunu, multikulturalizmə, tolerantlığa və inklüzivliyə böyük əhəmiyyət verdiyini, burada çox sayda sinaqoq, pravoslav, katolik və yevangelist kilsələrin mövcudluğunu, Bakının mərkəzində erməni kilsəsinin də qaldığını diqqətə çatdırıb. O, ölkəmizin qlobal səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etdiyini deyib. Əlavə edib ki, Azərbaycan dünyada enerji qaynaqları ilə zəngin ölkə kimi tanınır, lakin onu başqalarından fərqləndirən əsas sərvəti tolerantlıq və digər mədəniyyətlərə açıq ruhudur.
Diplomat qeyd edib ki, sivil dünya ölkəmizin bu dəyərlərini yüksək qiymətləndirməli, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının evlərinə qayıtmaq, hətta doğmalarının məzarlarını belə ziyarət etmək hüququnu pozan Ermənistanla məsafəli davranmalıdır.
Müsahibəsində diplomat Azərbaycanın istər İtaliya, istərsə də Müqəddəs Taxt-Tacla yaxın əlaqələrindən, cari ilin fevral ayında Prezident İlham Əliyevin buraya uğurlu səfərlərindən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin bu əlaqələrə verdiyi böyük töhfələrdən də söhbət açıb.
Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
http://www.farodiroma.it/le-ragioni-dellazerbaigian-multiculturalismo-tolleranza-e-inclusione-sono-le-principali-ricchezze-di-un-paese-che-si-sente-aggredito-intervista-con-lambasciatore-in-italia/?fbclid=IwAR0QC-S0xIIPW58QTrcUJ84D6pDy9-8fLQAyYuH7R72nWCAOGrS5MoeiFEw 


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Siyasət 2020-08-03 17:28:00