×
A
A
A
Sazlamalar

Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2020-ci il. 

Sərəncamlar 2020-07-31 11:37:00