×
A
A
A
Sazlamalar

Avqust ayına gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 30 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2° aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, avqust ayının birinci ongünlüyünün birinci yarısında respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, arabir güclənən şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° aşağıdır. Gecələr havanın temperaturunun 21-26°, gündüzlər 29-34°, bəzi günlərdə 36-38° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-8 millimetr) olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Gecələr havanın temperaturunun 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 36-40° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-10 millimetr) olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 15-19° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Gecələr havanın temperaturunun 13-18°, gündüzlər 19-24°, bəzi günlərdə 27-29° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 32-55 millimetr) olacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 22-25° dərəcə isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Gecələr havanın temperaturunun 19-24°, gündüzlər 28-33° isti olacağı, bəzi günlərdə 35-37°-dək yüksələcəyi bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-27 millimetr) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 20-23° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Gecələr havanın temperaturunun 16-21°, gündüzlər 22-27° isti, bəzi günlərdə 30-34° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-116 millimetr) olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Gecələr havanın temperaturunun 20-25°, gündüzlər 30-35° isti, bəzi günlərdə 37-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-22 millimetr) olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° aşağıdır. Gecələr havanın temperaturu 20-25°, gündüzlər 25-30°, bəzi günlərdə 35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-83 millimetr) olacağı proqnozlaşdırılır.

Ekologiya 2020-07-30 19:14:00