×
A
A
A
Sazlamalar

Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Mədəniyyət Evində “Qarabağ” məktəbi fəaliyyətə başlayacaq

Vyana, 30 iyul, AZƏRTAC

Sentyabr ayından etibarən Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Mədəniyyət Evində “Qarabağ” məktəbi fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bu barədə məlumatı təsdiqləyib.
O bildirib ki, artıq məktəbin nəzdində keçiriləcək kurslar üçün qeydiyyat başlayıb. Məktəbdə uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq vərdişlərinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılacaq. Həftənin şənbə və bazar günləri təşkil olunacaq kurslar çərçivəsində uşaqlara, həmçinin Azərbaycan milli rəqsləri də öyrədiləcək.
Valideynləri övladlarını bu kurslara yazdırmağa dəvət edən F.Əzizov həftəsonu məktəbindəki bütün kursların ödənişsiz əsaslarla keçiriləcəyini də diqqətə çatdırıb. Kurslara qeydiyyat üçün cəmiyyətin rəsmi internet səhifəsindəki (www.oage.at) əlaqə vasitələrindən istifadə etmək lazımdır.

Diaspor 2020-07-30 17:23:00