×
A
A
A
Sazlamalar

Avstraliyadakı Azərbaycan və türk diaspor təşkilatları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı təklifə etiraz ediblər

Tokio, 30 iyul, AZƏRTAC

Avstraliyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu Makdermotun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələnin parlamentin gündəliyinə salınması barədə təklifinə etiraz etmək üçün müxalifətin lideri xanım Codi Nakkeyə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, Leyboristlər Partiyasını təmsil edən C.Makkeynə müraciət Avstraliya Azərbaycanlıları Assosiasiyası, Avstraliya Türk Vəkillər Alyansı, Avstraliya Ələvi Mədəniyyət Mərkəzi, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası, Yeni Cənubi Uels ştatı Türk Assosiasiyaları Şurası, Yeni Cənubi Uels ştatı Şimali Kipr Türk Assosiasiyası, Qara Dəniz Folkloru və Dostluq Türk Cəmiyyəti və Türk Rifah Assosiasiyası tərəfindən imzalanıb.
Müraciətdə bildirilir ki, yeni Cənubi Uels ştatının Azərbaycan və türk diaspor təşkilatları Makdermotun Ermənistan-Azərbaycan sərhədində baş vermiş son qarşıdurma ilə əlaqədar Azərbaycana və Türkiyəyə qarşı ittihamlarla bağlı məsələnin parlamentin gündəliyinə salınması barədə təklifini böyük təəssüf hissi ilə qarşılayıblar. Qeyd edilir ki, deputatın bu hərəkəti haqlı narazılıq yaradıb və heç bir diqqətə layiq deyil. Həmçinin H.Makdermotun bu təklifi yeni Cənubi Uels ştatında yaşayan Azərbaycan və türk icması üçün təhqirdir. Buna görə də C.Makkeyndən təmsil etdiyi partiya ilə birlikdə azərbaycanlı və türk seçicilər adından bu təklifə qarşı çıxması xahiş olunur.
Müraciətə məsələnin mahiyyəti ilə bağlı tarixi faktlar, beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycan ərazilərinin işğalını pisləyən və işğal altındakı torpaqların azad olunmasını tələb edən müvafiq qətnamələri, iyulun 12-dən başlayaraq Ermənistan ordusunun Tovuz rayonu istiqamətindəki hərbi təxribatı, Türkiyənin məsələyə münasibəti barədə obyektiv məlumatlar, eyni zamanda, ABŞ Konqresinin və Böyük Britaniyanın İcmalar Palatasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləməsi barədə geniş informasiyalar əlavə olunub.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2020-07-30 16:32:00