×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin məzunları Almaniyanın DAAD təqaüdünü qazanıb

Bakı, 30 iyul, AZƏRTAC

Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı magistr və doktorantlara 2020-ci il üçün ayrılmış təqaüdlər təqdim edilib. Bu il DAAD fərdi proqramları çərçivəsində Azərbaycanda istedadlı tələbə və tədqiqatçılara 23 magistr və 9 tədqiqat təqaüdü verilib ki, onlardan 5 təqaüdçü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Adobe Connect” platforması üzərindən onlayn təşkil olunan mükafatlandırma mərasiminə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri qoşulublar.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək elm və təhsil sahələrində Azərbaycan-Almaniya münasibətlərinin hazırkı yüksək səviyyəsinə görə Alman Akademik Mübadilə Xidmətinin xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq elmi mübadilə və birgə elmi layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. Rektor dost ölkədə təhsil alacaq və tədqiqat aparacaq təqaüdçülərə uğurlar arzulayıb.
DAAD tərəfindən BDU-nun məzunları Fatimə Dəmirli, Günay Osmanova, Murad Talıbov magistr təhsili təqaüdü, Səbinə Fərzəliyeva və Elmir Xəlilov doktorantura təhsili təqaüdü alıblar.

Elm və təhsil 2020-07-30 10:53:00