×
A
A
A
Sazlamalar

Avstraliya Azərbaycanlıları Assosiasiyası parlamentə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək niyyəti barədə müraciət edib

Kanberra, 26 iyul, AZƏRTAC

Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) bu ölkənin federal parlamentinə ermənilərin “ASALA” terror təşkilatını bərpa etmək cəhdi barədə müraciət edib.
Bu barədə AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbirinə AAA-nın sədri Mikayıl Oyta məlumat verib. M.Oyta bildirib ki, məqsəd son günlər Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatla bağlı dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin bu ölkələrdəki azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb etməkdir.
Müraciətdə ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiya zamanı erməni gənclərin üzərində “ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) yazılmış köynəklər geyərək hərəkət etməsi barədə internetdə yayılan fotoların böyük narahatlıq yaratdığı xüsusi qeyd edilir. Bildirilir ki, həmin aksiya zamanı 3 mindən çox erməni polis səddini aşaraq oradakı 50 azərbaycanlıya hücum edib. Nəticədə altı nəfər, o cümlədən azərbaycanlı qadınlar xəstəxanaya yerləşdirilib. Onlardan biri hələ də reanimasiya şöbəsindədir. Belə bir cinayətin Belçikanın Brüssel şəhərində törədildiyi də vurğulanıb.
Bildirilir ki, hazırda Los-Anceles polisi bu hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.
Müraciətdə iyulun 12-dən sonra internetdə Avropanın bir çox şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə hücum etməsi barədə çoxsaylı videoların olduğuna diqqət yönəldilir. Həmin videolarda ermənilərin dinc azərbaycanlıları izləməsi və onlara xəsarət yetirməsi aydın görünür.
Sənəddə avstraliyalı senatorlara “ASALA” təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində törədilən terror aktları barədə ətraflı məlumat da öz əksini tapıb. Qeyd edilib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü ildə tərtib etdiyi “Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında 1970-ci ildən sonra bu təşkilatın törətdiyi cinayətlər barədə ətraflı məlumatlar öz əksini tapıb. Burada 1980-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində türk diplomatlara qarşı törədilən terror aktı barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, həmin cinayətlərə görə məsuliyyəti “ASALA” öz üzərinə götürsə də, heç kim həbs olunmayıb.
Vurğulanır ki, həmin hadisələri 2020-ci ildə də yaxşı xatırlayan Avstraliyanın türk və Azərbaycan icmasının üzvləri bu ölkənin parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa və həm Avstraliyada, həm də dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırır.
Müraciətdə, həmçinin Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasəti dayandırması, qonşu dövlətlərin ərazilərini işğal yolu ilə “Böyük Ermənistan”ın yaradılmasına xidmət edən siyasətindən əl çəkməsi tələb edilir. Qeyd edilir ki, bu regionda və bütün dünyada sülhün bərqərar olması məhz Ermənistanın öz ekspansionist siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.
Müraciətə erməni vandalizmini təsdiq edən fotolar da əlavə olunub.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Diaspor 2020-07-26 08:35:00