×
A
A
A
Sazlamalar

Sidneydə yaşayan azərbaycanlılar Ermənistanın təxribatına qarşı dinc aksiya keçiriblər

Tokio, 24 iyul, AZƏRTAC

Avstraliya Azərbaycan Türk Dostluq Birliyinin (AATDB) üzvləri Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycana qarşı təxribatları və ölkəmizə qarşı təcavüzünə etiraz bildirmək məqsədilə iyulun 24-də Sidney şəhərində dinc aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Yeni Cənub Uels ştatının Sidney şəhərində yerləşən Gelibolu məscidi önündə təşkil edilmiş aksiya zamanı AATDB-nin sədri İmaməddin Qasımov çıxış edərək Ermənistan silahlı qüvvələrinin təxribatları barədə Avstraliya ictimaiyyətinə ətraflı məlumat verib. Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində işğalçı əməllərinin nəticəsində Azərbaycan hərbçilərinin və dinc sakinin həlak olduğunu qeyd edib, cümə namazında iştirak edənlərə Ermənistanın təcavüzü barədə broşürlər təqdim edilib.
Qeyd edək ki, Gelibolu məscidində cümə namazından sonra məscidin imamı Bilal Aksoy tərəfindən erməni təcavüzünün qurbanları olan şəhidlərimizin ruhuna dualar oxunub. Məsciddə cümə namazına qatılan türklər də Azərbaycanın haqq işini dəstəklədiklərini, həmişə Azərbaycan xalqının yanında olduqlarını ifadə ediblər.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2020-07-24 16:30:00