×
A
A
A
Sazlamalar

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı dövlətləri arasında görüş keçiriləcək

Tehran, 23 iyul, AZƏRTAC

Azərbaycan, Rusiya, Ukrayna, Hindistan və İranın dəmir yolu strukturlarının rəhbərlərinin iştirakı ilə iyulun 28-də beştərəfli zirvə görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Dövlət Dəmir Yolları İdarəsinin icraçı direktoru Səid Rəsuli deyib. O bildirib ki, görüşdə nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması istiqamətində aparılan işlər və tranzit yüklərin daşınması məsələləri müzakirə ediləcək.
S.Rəsuli bildirib ki, adıçəkilən dövlətlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirərək iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm təkan verəcək.
Xatırladaq ki, Azərbaycan, Rusiya, Hindistan, İran və Ukrayna “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir. Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma ilk dəfə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə Azərbaycanla yanaşı, daha 12 dövlət razılaşmanı imzalayıb və müvafiq olaraq ratifikasiya edib.
Bu dəhliz Hindistanın Mumbayi limanından başlayaraq İran, Azərbaycan və Rusiyadan keçir və yükləri Avropa dövlətlərinə çatdırır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2020-07-23 12:10:00