×
A
A
A
Sazlamalar

Cəbhə xəttində yaşanan son hadisələrlə əlaqədar “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb

Bakı, 14 iyul, AZƏRTAC
“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev AZƏRTAC-a bildirib ki, bütün cəbhəboyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.
Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Ərazidə olan “Azərişıq” ASC-nin əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.
“Azərişıq” ASC-nin əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərimizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur.

Energetika 2020-07-14 18:52:00