Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi diasporamızın elmi müstəvidə fəaliyyətinə böyük dəstək verir

Paris, 10 iyul, AZƏRTAC

Hələ doktoranturada oxuyanda elmi assosiasiya yaratmaq ideyası məni düşündürürdü. Fransada Azərbaycan diasporasının elmi müstəvidə də fəaliyyət göstərməsini arzulayırdım.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Alim” Elmi Assosiasiyasının ideya müəllifi və rəhbəri, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günel Səfərova deyib.
Bildirib ki, doktorantura dərəcəsində təhsilini bitirdikdən sonra, bu fikir onu daha çox cəlb edib və nəhayət, Fransada yaşayan soydaşlarımıza müraciət edərək arzusunu reallaşdırıb.
“Alim” Elmi Assosiasiyasının ərsəyə gəlməsində Fransadakı səfirliyimizin mədəniyyət mərkəzinin böyük rolu və dəstəyi oldu. Məhz Azərbaycanın adını daşıyan və mədəniyyətini təşviq edən bu mərkəzdə ilk dəfə toplaşdıq. Biz görüşməyimiz üçün şərait yaradan Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevə təşəkkürümüzü bildiririk. Səfir şəxsən özü ilk toplantımızda iştirak edərək, tövsiyələrini bildirdi. Səfirliyimizin gənc tədqiqatçılara mənəvi dəstəyini ifadə etdi. Dəstəyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov başda olmaqla komitənin bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Bu fikir yaranandan reallaşana qədər komitənin mənəvi dəstəyini daim hiss etmişik”,- deyə Günel Səfərova vurğulayıb.
G. Səfərova mədəniyyət mərkəzinin milli mədəniyyətimizə təşviqindən söz açıb. Bildirib ki, ötən il Fransada mədəni irs abidələrini ziyarət etmək üçün təşkil edilən açıq qapı günündə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil ilə birlikdə mədəniyyət mərkəzində yerləşən milli muzeyə vizit təşkil edərək, yerli ictimaiyyətə mədəniyyətimiz haqqında məlumat veriblər.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2020-07-10 14:29:00