×
A
A
A
Sazlamalar

Deputat: Xocalı və Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq

Bakı, 10 iyul, AZƏRTAC
1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırımı 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilib. Bu baxımdan iyulun 11-i Bosniya və Herseqovina tarixinə qanlı hərflərlə yazılıb. Həmin gün Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Herseqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən əsası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu səbəbdən 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat deyib: “Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr yaranıb və uğurla inkişaf etməkdədir. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Bütün bunlar hər iki ölkəni birləşdirən oxşar tale və oxşar ağrının rəmzidir”.
Azərbaycanın xarici siyasətində Balkan ölkələri ilə, xüsusilə Bosniya və Herseqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verdiyini söyləyən Məzahir Əfəndiyev bildirib ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlib. Bu proseslərdə hakimiyyətin əsas qollarından olan parlament də mühüm rol oynayır. Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burada danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Herseqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır.
“Azərbaycan həqiqətlərinin Bosniya və Herseqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi və Bakıda xatirə kompleksinin ucaldılması iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcək”, - deyə deputat vurğulayıb.

Qan yaddaşı 2020-07-10 12:18:00