×
A
A
A
Sazlamalar

“Azərbaycançılıq ideyalarının təbliğinə dair yeni araşdırmalar və toplunun nəşri” adlı layihənin icrasına start verilib

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Azərbaycançılıq ideyalarının təbliğinə dair yeni araşdırmalar və toplunun nəşri” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, 4 ay müddətinə həyata keçiriləcək bu layihə Azərbaycan xalqının və ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan azərbaycançılıq ideyalarının xalqımızın şüurunda möhkəm yer tutması, dövlət ideologiyasına çevrilməsi prosesinin araşdırılması, öyrənilməsi və nəticə etibarilə nəşr olunacaq kitab vasitəsilə təbliği məsələlərinə həsr olunub.
Birliyin sədri Dəyanət Osmanlı layihənin ictimai əhəmiyyəti barədə deyib ki, azərbaycançılıq – Azərbaycan xalqının formalaşmasında mühüm rolu olan milli ideologiya olaraq xalqın milli ruhunu, dilini, adət-ənənəsini, vətənpərvərlik duyğularını özündə ehtiva etməklə, müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimulverici məfkurəsinə çevrilmişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin aforizmə çevrilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bütün azərbaycanlıların təfəkküründə yer almışdır. Hər birimizin azərbaycanlı adına, mənəviyyatına layiq olması, vətənpərvərliyi, xalqımızın cəmiyyətdə əsrlərlə mövcud olan nümunəvi davranış ənənələrini qoruması, milli-mənəvi dəyərləri yaşatması və gələcəyə ötürməsi son dərəcə zəruridir. Müasir dövrün tələbinə uyğun olaraq, vətəndən kənarda və ümumən bütün azərbaycanlılar arasında azərbaycançılığın mahiyyəti barədə araşdırmalara, qədimlərdən gələn milli-mənəvi dəyərlərimizin ehtiyac duyulmaqdadır. Fikrimizcə, peşəsindən, vəzifəsindən asılı olmayaraq, layihənin yeni nəsil vətəndaşlara istiqamətlənməsi faktı gələcəkdə layihənin davamlılığının əsas şərtlərindən biri olacaqdır.
Bir ictimai birlik olaraq çağdaş dövrümüzdə yazarlar və istedadlı gənc nəsillə sıx işbirliyi şəraitində əməkdaşlıq etmək qənaətindəyik. Azərbaycançılıq ideyasının əsas götürdüyü prinsiplərin gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara ötürülməsi məqsədi daşıyan araşdırmalar aparmağı, nəticə etibarı ilə zəngin, səviyyəli bir toplu nəşr edərək paylamağı nəzərdə tutmuşuq”.

Cəmiyyət 2020-07-09 16:05:00