×
A
A
A
Sazlamalar

Səfir: Azərbaycanın nailiyyətləri dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətlə bağlıdır

Tbilisi, 9 iyul, AZƏRTAC

Azərbaycan diplomatik orqanlarının yaranmasının 101-ci ildönümü münasibətilə ölkəmizin Gürcüstandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Dursun Həsənov Azərbaycan diplomatik xidmət orqanlarının yaranma tarixindən danışıb. Bildirib ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına uyğun olaraq, məhz bu tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınmaya müvəffəq olsa da, 1920-ci il aprelin 28-də ilk respublikanın süquta uğraması Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması prosesinə, yəni, məntiqi nəticə olaraq Millətlər Liqasına qəbul edilməsinin başa çatdırılmasına imkan verməyib. Müstəqil Azərbaycan Respublikası isə 1992-ci il martın 2-də BMT-yə üzv olaraq tammiqyaslı beynəlxalq tanımaya nail olub. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev 2001-ci ildə “Bizim ən böyük tarixi nailiyyətimiz dövlət müstəqilliyini əldə etməyimizdir” deyib.
D.Həsənov deyib ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin beynəlxalq səviyyədə müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir. Bütün nailiyyətlərimiz dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasətlə bağlıdır. Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmizin uğurları əlbəttə ki, dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoqun və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Siyasət 2020-07-09 15:55:00