×
A
A
A
Sazlamalar

Türkiyənin Sakarya vilayətində baş verən partlayış nəticəsində ölənlərin sayı üçə çatıb

İstanbul, 9 iyul, AZƏRTAC
Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı üçə çatıb. Bundan başqa, biri ağır olmaqla altı nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sakarya valisi Çetin Oktay Kaldırım bildirib.
Türkiyə Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qeyd olunub ki, partlayış Baş Prokurorluğun göstərişi ilə pirotexniki vasitələrinin istehsalı zavoduna aid partlayıcı vasitələrin Sakarya vilayətinin Taşkısığı bölgəsində yerləşən karxanada nəzarət altında partladılması məqsədilə buraya gətirilib boşaldılması zamanı baş verib. Hadisə nəticəsində ikisi partlayıcı maddələr üzrə mütəxəssis olmaqla üç nəfər həlak olub. Altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüb.
Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-07-09 15:56:00