×
A
A
A
Sazlamalar

Abituriyentlər imtahanlara bu sənədləri gətirməlidirlər

Bakı, 9 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları üçün sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
-Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından iyulun 6-dan etibarən çap edib götürə bilirlər.

Elm və təhsil 2020-07-09 15:21:00