×
A
A
A
Sazlamalar

“eTwinning” öyrətmək, öyrənməkdir

Bakı, 9 iyul, AZƏRTAC

“eTwinning” layihələri müəllimlərə ünsiyyət qurmaq, eyni məqsəd ətrafında birləşərək əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropanın ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Buna görə də 2 ildir ki, dərslərimi daha canlı etmək üçün sözügedən layihələrdə çalışıram.
Bu fikri AZƏRTAC-a açıqlamasında Kürdəmir şəhəri 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günəş Xudiyeva deyib. O vurğulayıb ki, biliyi layihələr üzərindən öyrənərkən şagirdlərdə ünsiyyət, yeni biliyin tətbiqi və müqayisəli öyrənmə bacarıqları formalaşır. Qoşulduğum layihələrdən biri də türkiyəli müəllimlər Burcu Kızılay və Ayşə Karacanın “Bana kendini anlatırmısın?” layihəsidir: “Müxtəlif, maraqlı və faydalı çalışmalarla zəngin olan bu layihə noyabr ayından fəaliyyətə başlayıb. Altı ay davam edən, dərs proqramı ilə bərabər aparılan öyrənmə-öyrətmə əsaslı layihədə üç ölkədən – Azərbaycan, Türkiyə və Polşadan 19 müəllim iştirak edirdi. Sevinirəm ki, Azərbaycanın Kürdəmir rayonundan mən və şagirdlərim də bu kollektiv arasında yer alıb”.
Günəş Xudiyeva diqqətə çatdırıb ki, layihənin məqsədi şagirdlərin xarakter, maraq və bacarıqları istiqamətində inkişafı, XXI əsrin təhsilalanlarından gözlənilən işbirliyi, qarşılıqlı əlaqələr qurmağı bacarma qabiliyyəti, üzləşəcəyi hadisələrdə tez bir zamanda həll yolu müəyyənləşdirməkdir. Eyni zamanda, həyatda və texnologiya sahəsində özünün zəif və güclü tərəflərini görərək fərqində olmaq və özünü inkişaf etdirmək, özünü tanımaq və doğru ifadə edə bilmək bacarığına sahib olan şəxslər yetişdirməkdir. Həmçinin yazılı anlatma, məktublaşma, rəsm çəkmə, musiqi, şeir və oyunlarla, müxtəlif “web2” alətlərindən istifadə etmək və qrup şəklində olan çalışmalarla şagirdlərimizdə mənəvi, emosional, ictimailəşmə və inkişaf ehtiyaclarının ödənilməsi hədəf götürülüb.
Layihənin qürur duyduğum işlərindən biri Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsi və müxtəlif dövlətlərin şagirdləri tərəfindən söylənilməsi oldu. Həmin videoları birləşdirib bir bütöv halda “YouTube” səhifəsində yerləşdirdik.
Diqqəti cəlb edən çalışmalarımızdan biri də şagirdlərin özünü milli dəyərlərlə tanıtmasıdır: “Layihəmizdə olan hər bir ölkənin şagirdləri mənsub olduqları milli dəyərlərini öyrənərək təqdim etməli idi. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Hər hansı xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Hesab edirəm ki, bu mənada təhsilalanlara verdiyimiz bu tapşırığın önəmi daha çoxdur. Şagirdlərimin təqdimatlarına milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız və folklorumuz daxil edilmişdi”.
Şagirdlərin yazı mədəniyyətini, yazı bacarıqlarını, fikrini sərbəst, aydın və yığcam, məntiqi ardıcıllığı gözləməklə ifadə etməyi hədəfləyən işlərimizdən biri də məktublaşmadır.
“Layihə çərçivəsində şagirdlərim Ayşə Karacaya və onun şagirdlərinə məktublar yazdılar. Məktubumuz Yeni il ərəfəsinə düşdüyü üçün öz əl əməkləri olan Yeni il kartlarına ürək sözlərini köçürərək, Azərbaycanımızın bayrağını da hədiyyə olaraq göndərdik. Eyni zamanda, Türkiyədən gələn məktublar bizi çox sevindirdi. Xüsusilə də qardaş türk dilində, əl yazısında məktubları görmək və oxumaq şagirdlərim üçün başqa bir duyğu idi”, - deyə Günəş Xudiyeva qeyd edib.

Elm və təhsil 2020-07-09 15:16:00