×
A
A
A
Sazlamalar

Pandemiya şəraitində uşaq sağlamlığına həsr olunan onlayn konfrans keçirilib

Bakı, 9 iyul, AZƏRTAC 

Beynəlxalq Pediatrik Assosiasiyası, Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə COVID-19 pandemiyası zamanı uşaq sağlamlığına həsr olunan onlayn konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov indiki çətin pandemiya şəraitində keçirilən konfransın mövzusunun aktuallığını yüksək dəyərləndirib: “Konfransın təşkili üçün Türkiyə Milli Pediatriya Dərnəyinə, dəvətimizi qəbul edən konfrans iştirakçılarına ATU rəhbərliyi adından təşəkkür edirəm. Bu cür tədbirlərin həm klinik təcrübədə, həm də elmi araşdırmalar baxımından həmkarlarımız üçün çox faydalı olacağına inanıram”.
Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi, professor Enver Hasanoğlu çıxış edərək konfransın əhəmiyyətini qeyd edib.
ATU-nun Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsinin müdiri, dosent Nigar Sədiyevanın moderatorluğu ilə davam edən onlayn konfransda terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Rauf Bəylərov “COVID-19 və uşaqlarda böyrək xəstəlikləri”, psixiatriya kafedrasının assistenti İkram Rüstəmov “Pandemiya zamanı uşaqların psixi sağlamlığı”, Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı “COVID-19-a yoluxmuş analardan doğulmuş yenidoğulmuşların sağlamlığı” mövzularında çıxış ediblər.

Səhiyyə 2020-07-09 15:13:00