×
A
A
A
Sazlamalar

Leyla Abdullayeva: Ermənistan layiq olduğu cavabı hər zaman alıb və bundan sonra da alacaq

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasətini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyasını, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə konkret faktlarla ifşa edib.
AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.
Leyla Abdullayeva deyib ki, Ermənistan XİN Azərbaycanı Ermənistanı “faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı, ilk növbədə, qeyd olunmalıdır ki, Ermənistan 30 ilə yaxındır Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə düşmən obrazını çoxdan qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm iflasa uğrayan daxili siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxan Ermənistan beləliklə də xalqların sülhə hazırlanması çağırışını ciddi şübhə altına qoyur.
Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycanın ali rəhbərliyi timsalında alıb və bundan sonra da alacaq.
Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, işğalçı qüvvələrin yalnız BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.

Siyasət 2020-07-09 14:09:00