×
A
A
A
Sazlamalar

Tarix Muzeyində Mahmudabad zərbxanasının gümüş sikkələri qorunur

Bakı, 9 iyul, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan orta əsr sikkələri sırasında Mahmudabad şəhər-zərbxanasının gümüş dirhəmləri və təngələri önəmli tapıntılardandır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Mahmudabad şəhərinin yerləşmə mövqeyi hələ ötən əsrdən tədqiqata cəlb edilib və bu zərbxananın Xəzər dənizi sahilində, Kür çayının mənsəbində olması qeyd edilib. Mahmudabad dirhəmlərinin ilk istehsalı şirvanşah İbrahim ibn Sultan Məhəmmədin (1380-1418) hakimiyyəti dövrünə təsadüf edib, son təngələri isə Qaraqoyunlu hökmdarları Pirbutaq (1410-1418) və Yusifin (1406-1420) dövründə zərb olunub. Sonrakı əsrlərdə feodal müharibələri nəticəsində tənəzzülə uğrayan Mahmudabad şəhər-zərbxanasının dövrümüzədək qalan sikkələri bu şəhərin adını yaşadan yeganə tapıntılardır.
Şirvanşah İbrahim ibn Sultan Məhəmmədin hakimiyyəti dövrünə aid ilk Mahmudabad dirhəmlərinin (1,3–1,9 qram) üst tərəfində “Allahdan başqa Allah yoxdur, Məhəmməd Allahın rəsuludur”, ətrafında dörd xəlifə adları, arxa tərəfində mərkəzdə “Mahmudabad zərbi”, ətrafında: “əzəmətli, ədalətli sultan, Allah hakimiyyətini uzun etsin” sözləri həkk edilib.
Muzeyin Numizmatika fondunda qorunan 1389-cu ilin Mahmudabad dirhəminə Qızıl Orda xanı Toxtamış xanın adı həkk olunub. Bu dirhəmlər Toxtamış və Teymur qoşunlarının Kür yaxınlığında olan döyüşü ərəfəsində, Cəlairi çəki standartına müvafiq zərb edilib. 1402-1403-cü illərin Mahmudabad təngələri (5,8–6,1 qram) Teymuri çəki standartına uyğun zərb edilib. Belə təngələrin diametri 25–29 millimetrdir. Teymuri hökmdarı Şahruhun dövrünə təsadüf edən 1420–1421-ci illərin Mahmudabad təngələrində (5,82 qram) sikkəüstü zərb var.
Qaraqoyunlu hökmdarları Pirbutaq və Yusifin dövrünə aid Mahmudabad təngələrinin (5,05 qram) üst tərəfinə İslam simvolu, ətrafında dörd xəlifənin və hökmdarların adları, zərbxana və zərb tarixinin bir hissəsi həkk edilib.

Elm və təhsil 2020-07-09 14:04:00