×
A
A
A
Sazlamalar

Əfqanıstan hökuməti “Taliban”ın daha 600-dək üzvünü həbsdən buraxacaq

Bakı, 9 iyun, AZƏRTAC

Əfqanıstan hökuməti sülh danışıqlarının başlaması üçün “Taliban” hərəkatının azad olunmasını tələb etdiyi üzvlərinin siyahısını yenidən nəzərdən keçirib.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, ölkə hökuməti həmin siyahıda olan 600-ə yaxın “Taliban” döyüşçüsünü azadlığa buraxmaq barədə qərar qəbul edib.
Rəsmi Kabil bundan öncə hərəkatın 592 üzvünün cinayət əməllərinə görə həbs olunduğunu əsas gətirərək onları azad etməkdən imtina etmişdi.
Qeyd edək ki, fevral ayının 29-da Doha şəhərində “Taliban” ilə ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad edilməlidir.
Hazırda Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının 4 mindən çox tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 737 hərbçisini əsirlikdən buraxıb. Hərəkat rəhbərləri sazişin şərtlərinə uyğun olaraq 5 min üzvünün azad olunmasını tələb edir.

 

Dünya 2020-07-09 13:46:00