×
A
A
A
Sazlamalar

Müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyasının həyata keçirilməsi Naxçıvanın davamlı yüksəlişini təmin edib

Naxçıvan, 9 iyul, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə istər sosial-iqtisadi, istərsə də mədəni sahələrdə sürətlə inkişaf edir, çiçəklənir. Muxtar respublikada mövcud resurslardan istifadə olunmaqla istehsal potensialı hərəkətə gətirilir, davamlı quruculuq işləri aparılır, sosial məsələlərin səmərəli həlli, əhalinin güzəranının layiqincə yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər uğurla həyata keçirilir. Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Naxçıvanda maliyyə və iqtisadi sahələrdə şəffaflığın tam təmin edilməsi, büdcəyə qənaət, iqtisadi sahə ilə yanaşı, idarəetmədə də aparılan islahatlar sosial və iqtisadi, həmçinin ekoloji baxımdan çox böyük əhəmiyyət kəsb edən məsələlərin həllinə imkan verir. Ötən ay həm də ordu quruculuğuna əhəmiyyətli töhfə verən kadr hazırlığı, inkişafın, artan məskunlaşmanın göstəricisi olan əlamətdar hadisələrlə yaddaqalan olub. İyun ayında nəqliyyat sektorunun maddi-texniki təminatı, ərzaq təhlükəsizliyinin davamlı təmini üçün gələcəyə hesablanmış önəmli addımlar atılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Ulu Öndərimizin siyasi xəttinə sarsılmaz sədaqət yeni-yeni uğurlara yol açır

Muxtar respublikada əldə edilən bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyasının uğurla reallaşdırılması amili dayanır. Böyük tarixi reallıqdır ki, Ulu Öndərin xalqımızın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadiyyatının dinamik inkişafına təkan verib. 9 iyun 1993-cü il isə yüksəlişimizə, milli dövlətçiliyimizin nicatına doğru uğurlu addımın atıldığı gün kimi tarixə düşüb. Həmin günlərdə biz müstəqilliyin itirilməsi, ölkəmizin parçalanması kimi təhlükələrlə, vətəndaş müharibəsi kimi ağır fəsadlar törədəcək proseslərlə üz-üzə qalmışdıq. Xalqımız köməksiz, dövlətimiz isə gücsüz idi. Amma Ulu Tanrı insanlara həmişə nicat yolu göstərən, ümid işığı bəxş edəndir. Dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində, şəxsi keyfiyyətlərində idi. Buna görə də həmin tarix həmişə yaddaşlarımızda yaşayır, həmişə xatırlanır.
İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının və Prezident mükafatlarının təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həmin tarixin əhəmiyyətini bir daha vurğulayıb. Muxtar respublika rəhbəri deyib: “Təltif olunmaq fərqlənmək deməkdir. O şəxslər fərqlənir ki, onlar başqalarından daha çox səy göstərir, çalışır və öz işlərini nümunə səviyyəsinə yüksəldirlər. Təltiflər və Prezident mükafatları əlamətdar bir gündə təqdim olunur. 1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının, o cümlədən ziyalıların tələbi ilə Naxçıvandan Bakıya qayıtmış, iyunun 15-də isə Azərbaycan Ali Sovetinin Sədri seçilmişdir. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Belə bir əlamətdar gündə təltif və mükafatların təqdim olunması ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan inkişaf edir. Ölkəmizdə sabitlik və rifah var, fərqlənənlərin əməyi qiymətləndirilir. Bu nümunəni əsas götürən hər bir şəxs isə dövlətinə, xalqına və işinə sədaqətli olur, öz vəzifələrini layiqincə yerinə yetirir”.
Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, medalları və Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.

Muxtar respublikanın büdcəsinə qənaət hesabına yeni Su Elektrik Stansiyası tikilir

Blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti isə muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olub, enerji təhlükəsizliyi tam təmin olunub. Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, günəş elektrik stansiyalarının qurulması, ən əsası isə hidroenerji potensialının düzgün dəyərləndirilməsi və yeni su elektrik stansiyalarının istifadəyə verilməsi illik enerji tələbatında bu sahənin payını artırıb. Vaxtilə idxal hesabına enerji tələbatını ödəyən muxtar respublikada hazırda elektrik enerjisinin geniş ixrac imkanları vardır.
İyunun 10-da Ali Məclisin Sədri Ordubad rayonunun Tivi kəndinə gəlib, burada tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxıb.
Muxtar respublikanın illik elektrik enerjisi tələbatı 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat-saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunur. Bu da muxtar respublikanın illik elektrik enerjisi istehsalının 55 faizə yaxınını təşkil edir. Yeni tikiləcək Tivi Su Elektrik Stansiyasında isə illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir ki, bu da tələbatın 9-10 faizinə bərabərdir. Ona görə də bu stansiyanın tikilməsi mühüm əhəmiyyət daşıyır. Bütün bunlar isə muxtar respublikanın büdcəsinə qənaət hesabına həyata keçiriləcək.
Bu barədə danışan Ali Məclisin Sədri deyib: “Tivi Su Elektrik Stansiyasının layihəsi bir neçə il bundan əvvəl hazırlanıb. Lakin muxtar respublikada bundan əvvəl Biləv və Arpaçay Su Elektrik stansiyaları tikilərək istifadəyə verilmişdir. Rentabelliyi nəzərə alınaraq bu il Tivi Su Elektrik Stansiyasının tikintisinə başlanılır. İnşaat işləri muxtar respublikanın daxili imkanları - büdcəyə qənaət və Dövlət Energetika Xidmətinə yığılan vəsait hesabına həyata keçiriləcək. Stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın illik enerji tələbatının 70 faizə yaxını bərpa olunan enerji mənbələri hesabına ödəniləcək. Bu da elektrik enerjisi istehsalında dəyəri aşağı salacaq. Nəticədə Dövlət Energetika Xidməti əldə olunan vəsaitdən elektroenergetika infrastrukturunun yenilənməsinə, yeni elektrik xətlərinin çəkilməsinə, günəş elektrik stansiyalarının və yarımstansiyaların qurulmasına sərf edəcək”.
Ali Məclisin Sədri stansiyanın bünövrəsinə beton qarışığı töküb, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib, xatirə şəkli çəkdirilib.
Ordubad rayonunda ailə təsərrüfatlarının inkişafı üçün geniş imkanlar yaradılır. Xüsusilə torpaqlardan səmərəli istifadəyə imkan verən irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Yeni torpaqlar əkin dövriyyəsinə qatılır, suvarma suyuna olan tələbat ödənilir. Bu tədbirlərin davamı kimi rayonun Biləv kəndindəki nasos stansiyası yenidən qurulacaq.
İyunun 10-da Ali Məclisin Sədri nasos stansiyasının mövcud vəziyyəti ilə maraqlanıb.

Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbçi kadrların hazırlanması işinə mühüm töhfə verir. Ötən dövrdə göstərilən yüksək dövlət qayğısı nəticəsində hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Görülən işlərin nəticəsidir ki, ixtisaslı hərbçi kadrların hazırlanması üçün bütün imkanlar var. Hərbi liseyə qəbul olunmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Liseydə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrindən olan gənclər də təhsil alırlar. Cari dərs ilində kursantların fiziki və mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılıb, onlar il ərzində keçirilən beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarında iştirak edərək layiqli yerlər tutublar.
Vaxtilə 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır. Ötən dövrdə hərbi liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olub. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir.
İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri hərbi liseyin 20-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, tədbir iştirakçılarını təbrik edib. Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: “O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər zabitlər xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır”...
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir. Zabit peşəsini seçən hər bir gənc bilməlidir ki, o, təhsil illərində olduğu kimi, gələcək xidmət dövründə də daim dövlətin himayəsində olacaqdır. Çalışın sizə göstərilən bu etimadı layiqincə doğruldub peşəkar zabit kimi formalaşasınız”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb, əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb. Ümummilli lider Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirən muxtar respublika rəhbəri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb. Ali Məclisin Sədri liseyin müəllimləri ilə də görüşüb, onlara təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür

Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları, meyvə bağları salınıb. Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir. İməciliklər zamanı ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-sahman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Görülən işlərin nəticəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, zəngin flora və faunamız qorunur.
İyunun 20-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
Ali Məclisin Sədri iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.

Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır

Muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili nəqliyyatda iritutumlu, yüksək komfortlu avtobusların xəttə buraxılması nəqliyyat xidmətinin inkişafına səbəb olub. Sərnişindaşıma sahəsində operativliyin və əhalinin rahatlığının təmin edilməsi məqsədilə son vaxtlar Naxçıvan şəhərdaxili nəqliyyatında 9 və 10 nömrəli marşrutlar açılıb, həmçinin Naxçıvan-Əshabi-Kəhf, Heydərabad-Naxçıvan, Boyəhməd-Naxçıvan, Kəngərli-Naxçıvan marşrutları fəaliyyətə başlayıb. Hazırda muxtar respublikada rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd və ucqar dağ kəndlərinə işləyən avtomobillərin hərəkətinə diqqət artırılıb.
Onu da qeyd etmək yerinə düşər ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası sərnişindaşıma xidməti tələbata uyğun həyata keçirilir. Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır.
İyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Muxtar respublika daxilində bütün yaşayış məntəqələrini əhatə etməklə 140-a yaxın marşrut xəttində dövlət və şəxsi nəqliyyat vasitəsilə, eləcə də taksilərlə əhaliyə sərnişindaşıma xidməti göstərilir. Bu da xidmətin düzgün rəqabət şəraitində təşkilinə hesablanıb. Təqdim olunan yeni avtobuslar Naxçıvan şəhərdaxili marşrutunda fəaliyyət göstərəcəkdir. Naxçıvan şəhəri muxtar respublikanın paytaxtıdır. Ona görə də hər gün rayon mərkəzi və kəndlərdən Naxçıvan şəhərinə marşrutlar işləyir. Əhali Naxçıvan şəhərinə daha çox gəlir. Bütün bunlar da şəhərdaxili sərnişindaşıma xidmətinin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Tələbata uyğun alınan müasir avtobuslar sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə imkan verəcək”.
“Yeni avtobuslar sərnişindaşıma xidmətini yaxşılaşdırmaqla yanaşı, həm də 12 nəfər işlə təmin olunacaq”, - deyən Ali Məclisin Sədri yeni avtobuslardan istifadə edəcək sürücülərin seçiminə diqqət yetirilməsi və xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Müstəqil Azərbaycanın inkişaf reallıqları - iqtisadi yüksəliş, demoqrafik artım yeni şəhər və qəsəbələrin yaranmasına yol açır

Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bölgə aqrar-sənaye rayonuna çevrilib. Ötən dövrdə rayonda sənaye məhsulunun həcmi 127 dəfə artıb. Hazırda bölgədə 62 adda sənaye məhsulu istehsal olunur. 2019-cu ildə muxtar respublika üzrə sənayedə istehsal olunmuş ümumi məhsulun 13 faizi, kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, o cümlədən ümumi əkin sahəsinin 26 faizi, istehsal olunmuş elektrik enerjisinin 72 faizi Babək rayonunun payına düşüb. Bu gün Babəkdə 1 məktəbəqədər təhsil müəssisəsi, 36 ümumtəhsil məktəbi, 5 uşaq musiqi məktəbi, 2 muzey, 35 kitabxana, 30 mədəniyyət və 35 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində 200-ə yaxın yeni istehsal müəssisəsi yaradılıb. Davamlı sosial-iqtisadi inkişafın, müasir infrastruktur və əhali məşğulluğunun təmin olunması rayonda demoqrafik vəziyyətə də öz təsirini göstərib, 1 may 2020-ci il tarixə Babək rayonunda əhalinin sayı 1978-ci ilin sonu ilə müqayisədə 77 faiz artaraq 76 min nəfərə yaxın olub.
Hazırda Babək şəhərində 12 mindən, Nehrəm qəsəbəsində 16 mindən, Cəhri qəsəbəsində isə 11 mindən artıq əhali yaşayır. Sadalanan bütün bu uğurlar, inkişafın təmin olunması Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik üçün əsas yaradıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib.
İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri qərarın qəbuluna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib, bütün rayon əhalisini təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, yaşayış məntəqələrinin böyüməsi, məskunlaşmanın artması, yeni qəsəbə və şəhərlərin yaranması müstəqil Azərbaycanın inkişaf reallıqlarıdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi inkişaf edən Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələridir. Babək rayonunun inzibati ərazi bölgüsündə edilən dəyişiklik qarşıya daha mühüm vəzifələr qoyur. Bundan sonra da rayonda sosial-iqtisadi inkişaf təmin edilməli, əhalinin məşğulluğu, rifahı və rahat yaşayışı diqqətdə saxlanılmalı, təsərrüfatlar daha da genişləndirilməli, yeni istehsal və xidmət sahələri yaradılmalı, qanunun tətbiqi ilə bağlı nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır. Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.

Muxtar respublikada hərbi-təhlükəsizlik sahəsi daim diqqət mərkəzindədir

Bu gün ölkəmizdə ordu quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilib, hərbi birləşmələrin komplektləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə peşəkar və güclü milli ordu yaradılıb, Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli ordusuna çevrilib. Ordu quruculuğu prosesi muxtar respublikada da sürətlə davam etdirilir. Son illər hərbi hissələrdə xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub. Əlahiddə Ümumqoşun Ordunun ən müasir silahlarla, hərbi texnikalarla, avadanlıqlarla təmin edilməsi və bu məsələnin daim diqqət mərkəzində saxlanılması muxtar respublikanın müdafiəsinin bundan sonra da etibarlı şəkildə təşkil olunacağına zəmanət verir.
İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Ali Məclisin Sədri deyib: “Son illər muxtar respublikada ordu quruculuğu sahəsində görülən tədbirlər, Günnüt əməliyyatı, Sədərək rayonunda torpaqların işğaldan azad olunması, sərhədlərin möhkəmləndirilməsi və digər tədbirlər bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması və fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Bütün bunlar ölkə Prezidentinin muxtar respublikanın müdafiə təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikada mərkəzi qərargah və təlim-tədris mərkəzi təşkil edilmiş, Silahlı Qüvvələrimizin Naxçıvandakı bütün ordu, birləşmə və hissələrinin daxil olduğu Naxçıvan Hərbi Qarnizonu formalaşmış, vahid fəaliyyət proqramı müəyyənləşdirilmişdir”.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Silahlı Qüvvələrimizin Naxçıvandakı ordu, birləşmə və hissələrinin şəxsi heyətini, onların ailə üzvlərini, şəhid ailələrini, müharibə veteranlarını, muxtar respublika əhalisini təbrik edib, general-polkovnik ali hərbi rütbəsini Kərəm Mustafayevə təqdim edib.

Strateji əhəmiyyətli məhsul olan taxılın itkisiz toplanması üçün işlər uğurla davam etdirilir

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında daim diqqət mərkəzində saxlanılır. Bu məsələdə torpaq və su ehtiyatlarından səmərəli istifadə, əkinçiliyin inkişafı mühüm yer tutur. Mütərəqqi irriqasiya sistemlərinin qurulması əkin sahələrini genişləndirir, uzun illər əkilməyən torpaqlarda bol məhsul istehsalına zəmin yaradır. Xüsusilə strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi, iqlim xüsusiyyətlərinə uyğun keyfiyyətli toxum sortlarından istifadə və məhsulun itkisiz yığılması qarşıda duran əsas vəzifələrdəndir.
Onu da qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublikada 36 min 879 hektar taxıl əkilib. Onun da 7 min 282 hektarı dəmyə sahələrdir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 107 taxılbiçən kombayn, 295 qoşqu, 301 kipvuran, 81 özüboşaldan avtomaşın, 602 traktor, 38 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib. 2019-cu ildə və bu ilin ötən dövründə muxtar respublikada 18 kombayn lizinq yolu ilə fiziki şəxslərə satılıb. Hazırda biçinə cəlb olunan “Dominator Klass”, “New Holland” və “Sampo” markalı müasir kombaynların 93-ü fiziki şəxslərə, 7-si “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 6-sı isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Bu günə qədər muxtar respublika üzrə minlərlə hektar sahədə biçin aparılıb. Hər hektarında məhsuldarlıq 28,3 sentnerdir. Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 38, arpanın hər kiloqramı 35, qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir.
İyunun 27-də “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsində muxtar respublikada taxıl biçininin gedişi və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib.
Ali Məclisin Sədri çıxış edərək deyib: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Yeni texnikaların alınması, torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsi, suvarma sistemlərinin yenidən qurulması, məhsuldar toxum sortları ilə təminat və mütəxəssis hazırlığı kənd təsərrüfatının hərtərəfli inkişafına səbəb olmuş, Azərbaycanda enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinə də nail olunmuşdur. Naxçıvan Muxtar Respublikasında da bu sahəyə diqqət göstərilir. Qəbul olunmuş Dövlət proqramlarının tərkib hissəsi kimi ardıcıl tədbirlər həyata keçirilir, mütərəqqi suvarma sistemləri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, müasir texnikalar alınıb gətirilir, torpaq mülkiyyətçiləri keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilirlər”.
Muxtar respublika rəhbəri bu işdə əməyi olanlara təşəkkürünü bildirib, taxıl biçininin iyulun sonuna qədər başa çatdırılması və növbəti əkinə hazırlıq barədə tapşırıqlar verib.
Toxumçuluq təsərrüfatının kollektivi ilə görüşən Ali Məclisin Sədri toxumçuluq təsərrüfatının formalaşmasında dövlət qayğısı ilə yanaşı, kollektivin də əməyinin olduğunu bildirib, onlara işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri taxıl sahələrindən nümunələr götürülməsi və məhsuldar yerli sortların artırılması, toxumların qiymətinin təsdiq olunması, tikilən qapalı suvarma şəbəkələrində işlərin payız əkinlərinə qədər başa çatdırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu diqqətə alınır, bu sahənin maddi-texniki təminatı gücləndirilir

Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanıb. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir. Ötən dövrdə Dövlət Baytarlıq Xidməti və onun müvafiq qurumları üçün yeni binalar inşa edilib, kəndlərdə baytarlıq məntəqələri və ət satışı mağazaları istifadəyə verilib. Yeni yaradılan Süni Mayalanma Mərkəzi muxtar respublikada fəaliyyət göstərən mövcud baytarlıq məntəqələrini yüksək məhsuldar törədici toxumla təmin edir ki, bu da heyvandarlıqda iqtisadi səmərəliliyin yüksəlməsinə və cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir. Süni mayalanma məntəqələrinin tələbatını ödəmək məqsədilə maye azot istehsal edən müəssisənin işə düşməsi nəticəsində idxal tam aradan qaldırılıb, yunun qəbuluna başlanması isə heyvandarlığın inkişafına stimul verib. Eyni zamanda Ali Məclis Sədrinin qayğısı ilə baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi və Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verir. 

Muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq olunmuş “Epizootik Tədbirlər Planı”na uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunub. Mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılıb, epizotiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilib.
İyunun 30-da Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən səyyar müşavirədə bu barədə danışılıb, yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olub.
Qeyd edilib ki, 2002-ci ildən ötən dövrdə muxtar respublikada 90 mindən artıq mal-qarada süni mayalanma aparılıb, 59 minə yaxın cins buzov alınıb. 2019-cu ildə və bu ilin ötən 6 ayında isə 18 minə yaxın süni mayalanma aparılıb və 12 minə yaxın cins buzov alınıb. Bütün bunlar muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində dönüşdür. Əgər 2002-ci ildə muxtar respublikada 1 süni mayalanma məntəqəsi fəaliyyət göstərirdisə, 2020-ci ildə məntəqələrin sayı 23-ə çatdırılıb. O dövrdə bu sahəni bilən 1 həkim var idisə, bu gün onlarla baytar həkimi süni mayalanma işini həyat keçirir. Əvvəllər baytar həkimlər süni mayalanma işini öyrənmək üçün Göygöl rayonundakı Süni Mayalanma Mərkəzinə göndərilirdisə, artıq bu iş muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində həyata keçirilir. Eyni zamanda hər il süni mayalanma texnikləri yeni avadanlıqlar və motosikletlərlə təmin olunurlar. Ötən dövrdə 23 baytar həkimin hər birinə motosiklet və lazım olan avadanlıq dəsti verilmişdir. Bu gün də 5 yeni süni mayalanma dəsti təqdim olunur.
Ali Məclisin Sədri deyib: “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında məqsəd ondan ibarətdir ki, say tərkibini artırmadan məhsuldarlıq çoxalsın. Eyni zamanda muxtar respublikada otlaqların o qədər də geniş olmadığını nəzərə alaraq cins tərkibinin artırılmasına diqqət yetirilməlidir. Süni Mayalanma Mərkəzinin yaradılması, avadanlıqlarla təminat onu deməyə əsas verir ki, süni mayalanma işinin həyata keçirilməsi, eləcə də baytarlıq təbabətinin inkişafı üçün lazım olan bütün şərait var. Baytarlıq təbabəti işçiləri bundan sonra da səmərəli fəaliyyət göstərməli, muxtar respublikada epizootik vəziyyət daim sabit saxlanılmalı, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilməli, Dövlət Proqramında nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, 1 “Fiat” markalı avtomobilin, 5 yedəkli motosikletin açarlarını və 5 dəst süni mayalanma ləvazimatlarını təqdim edib, Dövlət Baytarlıq Xidmətinin fərqlənən bir qrup əməkdaşına hədiyyələr verib.

Səmərəli idarəetmə sisteminin mövcudluğu, iqtisadi potensial davamlı yüksəlişi bundan sonra da təmin edəcək

Göründüyü kimi, qüdrətli Azərbaycan dövlətinin apardığı inkişaf strategiyasının tərkib hissəsi olaraq, muxtar respublikada hərbi, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hər il, hər ay çox mühüm tədbirlər həyata keçirilir. Bunu zərurətə çevirən ən önəmli məqamlardan biri də, yuxarıda qeyd etdiyimiz kimi, muxtar respublikanın blokada şəraitində yaşamasıdır. Son dövrlərdə pandemiya ilə əlaqədar həyati vacib tədbirlərin həyata keçirilməsi blokada amilinin hər zaman diqqətdə saxlanılmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Belə hallarda güclü daxili potensialın mövcudluğu, daxili imkanlardan istifadə, özünütəminat ön plana çıxır və qaçılmaz olur. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsində yüksək inkişafa nail olunması bu gün qarşıya çıxan bütün çətinliklərin həllinə imkan verir. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi bundan sonra da təmin edəcək. Ötən ay biz bunun bir daha şahidi olduq.

Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Regionlar 2020-07-09 13:14:00