×
A
A
A
Sazlamalar

Misirli politoloq: Silahların “susması” Afrikada dirçəlişin başlıca amilidir

Qahirə, 9 iyul, AZƏRTAC
COVID-19 pandemiyasının sürətlə yayıldığı, uzun illərdir Ebola virusundan, QİÇS-dən, quraqlıq və aclıqdan əziyyət çəkən Afrika ölkələrində normal həyatın təmin edilməsinin başlıca amili etnik, qəbilə və dini zəmində silahlı münaqişələrin dayandırılmasıdır. Afrika İttifaqının “Afrikanın problemlərinin Afrikada həlli” platformasında da ən mühüm vəzifə bu qitədə silahların “susmasıdır”.
Misir Strateji Araşdırmalar Mərkəzinin müdafiə və təhlükəsizlik üzrə proqramının direktoru Dəlal Mahmud AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, COVID-19 pandemiyası dövründə BMT Baş katibinin silahlı münaqişələrin dayandırılması ilə əlaqədar müraciətində terrorçu qruplaşmalar istisna olmaqla, münaqişə tərəfləri arasında bütün hərbi əməliyyatların dayandırılması təklif edilir. Bu çağırış Afrika qitəsi üçün daha aktualdır.
Misirli ekspertin sözlərinə görə, bu gün Somali, Nigeriya, Mali və Konqoda silahlı münaqişələr fəlakət həddinə çatıb. Sudanda Darfur böhranı, Mərkəzi Afrika Respublikasında vətəndaş müharibəsi və nəhayət Liviya münaqişəsi qitənin gələcəyini təhdid edən amillərdir. Bu kontekstdə Afrika İttifaqının 50 illik yubileyində irəli sürülmüş silahların “susması” təşəbbüsü olduqca əhəmiyyətlidir. Təəssüf ki, 2020-ci ildə bütün silahlı münaqişələrin dayandırılması çağırışı hələ də yerinə yetirilməyib.
Afrika ölkələrinin liderləri üçün ən başlıca vəzifə qəbilə və dini zəmində münaqişələrin qarşısını almaqdır. Belə ki, İŞİD, “Əl-Qaidə” terror təşkilatları, sonuncunun törəməsi olan “Əş-Şabab” silahlı qruplaşması daha çox əraziyə yayılır və sıralarına yeni gəncləri cəlb edir. İraq və Suriyada darmadağın edilən İŞİD terror təşkilatının silahlıları da Afrika, xüsusən Liviya və Misirə soxulurlar. Beləliklə, ağır sosial-iqtisadi böhrandan əziyyət çəkən, COVID-19 pandemiyası ilə mübarizə aparan Afrika qitəsi terrorçu qruplaşmalar üçün münbit məkana çevrilib.
Bu mürəkkəb şəraitdə Afrika Sülh və Təhlükəsizlik Şurası iki mərhələdən ibarət “yol xəritəsi” təqdim edib. Birinci mərhələdə qitənin ölkələri arasında və onların daxilində bütün silahlı münaqişələrə son qoyulmalıdır. Bu vəzifənin tam şəkildə həyata keçirilməsindən sonra ikinci - Afrika İttifaqının münaqişədən sonrakı dövr üçün nəzərdə tutulan dirçəliş və inkişaf proqramının icrasına başlana bilər. Bu proqramın mərkəzi ofisi Qahirə şəhərindədir. Bundan başqa, Afrika Sülh və Təhlükəsizlik Komissiyası tərəfindən birgə işçi qruplarının, sülhməramlı fondların nəzdində silahlara nəzarət üzrə institutun yaradılması da nəzərdə tutulur. Ötən ilin sentyabrında silahları könüllü təhvil verərək təslim olanlar barəsində əfv elan edilməsi təşəbbüsünün bu il də davam etdiriləcəyi gözlənilir. Nəhayət bütün bu fəaliyyətlərə nəzarət məqsədilə hər bir Afrika ölkəsindən nümayəndələrin təmsil olunduğu qurumun təsis edilməsi də planlaşdırılır.
Son illər ərzində Afrikada silahların yayılmasının qarşısının alınması istiqamətində bir neçə sənəd, o cümlədən Nayrobi Protokolu, Kinşasa Konvensiyası imzalanıb. Lakin qitəyə qanunsuz silahların gətirilməsi daha da artıb. Silah alverçiləri üçün ən əlverişli məkan olan Afrika qitəsi kiçik silahların və partlayıcı qurğuların satışı mərkəzinə çevrilib.
Bütün bunlarla yanaşı, Afrikada sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində müsbət dəyişikliklər də baş verir. Təqribən 2 milyon kilometr ərazini əhatə edən Afrika Buynuzu bölgəsində vəziyyət sabitləşib, xüsusən Efiopiya ilə Eritreya arasında sülhə nail olunması regionun inkişafı üçün zəmin yaradıb. Konqo, Mali və Madaqaskarda hakimiyyətlərin dinc yolla ötürülməsi də müsbət nümunə sayıla bilər. Digər tərəfdən, ABŞ-ın bir çox Afrika ölkələrində olan qoşunlarını geri çağırmaq qərarının qitədə sülhə və sabitliyə təsiri ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bəzi analitiklər hesab edirlər ki, Vaşinqtonun bu addımı Afrikada böyük hərbi kontingenti olan Fransanı çətin vəziyyətdə qoyacaq və terrorçu qruplaşmaların daha da fəallaşmasına şərait yaradacaq.
Afrikanın qapısı sayılan Misir silahlı münaqişələrin dayandırılması təşəbbüslərinin önündə gedir. Rəsmi Qahirə ilə yanaşı, bu proseslərin daha bir mərkəzi Cənubi Afrika Respublikasıdır.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-07-09 13:33:00