×
A
A
A
Sazlamalar

ANAMA: Sumqayıtda 250 ədəd 7.62 mm-lik patron aşkar olunub

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 8-də saat 18:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Şirvan” yanacaqdoldurma məntəqəsinin yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 250 ədəd 7.62 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Patronların ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Cəmiyyət 2020-07-09 03:19:00