×
A
A
A
Sazlamalar

Sahibkarlar üçün onlayn seminar keçiriləcək

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 15-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az" portalı və "PAŞA Bank"ın birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” brendi ilə məhsul ixrac edən sahibkarların maliyyə alətlərinə əlçatanlığının stimullaşdırılması məqsədilə “İxracını tamamla” adlı seminar keçiriləcək.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, seminarda sahibkarlara ixrac prosedurlarının tam başa çatdırılması məqsədilə məhsulun qablaşdırılması, gömrük rəsmiləşdirilməsi, məhsulların sertifikatlaşdırılması, daşınması və digər xərclərin qarşılanması zamanı yarana biləcək maliyyə çatışmazlığının aradan qaldırılması üçün bank qarantiyası, beynəlxalq ticarətin maliyələşdirilməsi, faktorinq, akkreditiv və digər maliyyə alətlərindən istifadəyə dair məlumatlar təqdim olunacaq.
Seminarda iştirak edən sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsilə) 10 sahibkar seçilərək aşağıdakı imtiyazlara sahib olmanı təsdiqləyən kupon əldə edəcəklər:
- "Paşa Bank" tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
- İxracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;
- İxracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;
- İxracatçı şirkətə bankın Əmək haqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.
"Azexport.az" portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
- İxracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;
- Şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin "Azexport.az" portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;
- İstehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırmasının aparılaraq potensial müştərilərin tapılması;
- İxracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.
Seminar saat 11:00-da “Microsoft Teams” tətbiqi vasitəsilə onlayn olaraq keçiriləcək. Seminarda iştirak üçün qeydiyyat mütləqdir və iştirak pulsuzdur. Qeydiyyat linki: http://www.training.ereforms.org

İqtisadiyyat 2020-07-08 14:47:00