×
A
A
A
Sazlamalar

İyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 34-39°, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 9-da Abşeron yarımadasında isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimalı var.

 

Ekologiya 2020-07-08 14:39:00