×
A
A
A
Sazlamalar

Gənclər işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmanın qarşısının alınmasına dair müzakirələr aparıblar

Bakı, 8 iyul, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşəbbüsü ilə “İnternet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində gənclər təşkilatlarının rolu” mövzusunda videokonfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair məsələlərdə, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər təşkilatlarının fəaliyyətini genişləndirmək olub.
Onlayn formatda baş tutmuş konfransda ümumilikdə 60-a yaxın gənclər təşkilatının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın açılışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Gənclər Təşkilatları Milli Şurasının baş katibi Azər Əliyevin moderatorluq etdiyi tədbirdə gənclər təşkilatlarının və ictimai fəal gənclərin bu prosesdə rolu, o cümlədən beynəlxalq platformalara kütləvi etirazların edilməsi, eyni zamanda, real və həqiqəti əks etdirən faktların sosial şəbəkələr vasitəsilə paylaşılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının mümkün və effektiv yolları müzakirə olunub.
Konfransda, həmçinin son dövrdə ölkəmizdə mövzu ilə bağlı görülən təqdirəlayiq işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə həssas yanaşması, bu mövzunu diqqət mərkəzində saxlaması qeyd edilib.
Tədbirin yekununda gənclər təşkilatlarının nümayəndələri internet platformalarında yayılmış xəritələrdə işğal edilmiş ərazilərin təhrif olunmanın qarşısının alınması istiqamətində təkliflərini bildiriblər. Növbəti addım kimi işçi qrupun yaradılması, xüsusi təlimlərin keçirilməsi və geniş maarifləndirmə işinin aparılması qərara alınıb.

 

Sosial 2020-07-08 14:03:00