×
A
A
A
Sazlamalar

Pandemiya və sahibkar məsuliyyəti

Bakı, 8 iyul, AZƏRTAC
Pandemiya dünya ölkələrinin iqtisadiyyatına və şirkətlərin maliyyə vəziyyətinə çox ciddi mənfi təsir etməkdədir. Belə bir şəraitdə bir sıra qabaqcıl ölkələrdə olduğu kimi, respublikamızda da iqtisadi artıma və sahibkarlığa dəstək, o cümlədən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, bu sahibkarlıq subyektlərinə vergi tətillərinin verilməsi kimi vacib addımlar atılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dövlət proqramları çərçivəsində sahibkarlara dövlət dəstəyi pandemiyanın təsirindən irəli gələn iqtisadi gərginliyin qarşısını alaraq iqtisadi aktivliyin qorunmasına töhfə verir.
Dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanır. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə də öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunub.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev pandemiya dövründə sahibkar məsuliyyəti ilə bağlı bildirib ki, sahibkar şəffaf işləməlidir: “Bu gün elə bir vəziyyət yaranıb ki, hər hansı rəsmi müqavilə ilə işləyən işçi və ya VÖEN-lə işləyən fiziki şəxs, o cümlədən mülki müqavilə əsasında işləyən şəxs “icaze.gov.az” saytında qeydiyyatdan keçməklə karantin dövründə iş yerinə getmək imkanı qazanır. Halbuki, belə dövrdə digər qeyri-rəsmi işləyən şəxslər bu fürsətdən istifadə edə bilmirlər. Bu da onu göstərir ki, rəsmi çalışmaq, şəffaf fəaliyyət göstərmək müəssisənin normal fəaliyyətinə köməklik göstərməklə yanaşı, dövlət tərəfindən dəstək almaq imkanlarını da genişləndirir. Bu gün qeyri-rəsmi işləyən və şəffaf fəaliyyətdən qaçan müəssisə rəhbərləri adi icazədən məhrumdurlar”.
R.Atakişiyevin sözlərinə görə, bütün bunlar sahibkarlar qarşısında bir sıra vəzifələr qoyur: “Birinci yerdə fəaliyyətin şəffaflaşdırılması, işçilərlə şəffaf, tərəfdaşlarla xidməti müqavilə bağlamaq və istənilən müəssisənin fəaliyyətə cəlb olunan şəxslərlə rəsmi hər hansı müqavilələrin bağlanılması durur. Bu da imkan verir ki, həmin sahibkarlıq subyektləri dövlətdən yardım ala bilsinlər. Sahibkarlar qarşısında duran ikinci vəzifə ondan ibarətdir ki, pandemiya dövründə sahibkar öz sosial məsuliyyətini dərk edib, daha intizamlı işləməli, həmçinin dövlətlə tərəfdaş qismində çıxış etməlidir. Belə bir vəziyyətdə pandemiyanın zərərlərinə minimum dərəcədə məruz qalan və fəaliyyətlərini davam etdirən sahibkarlıq subyektləri maksimum çalışmalıdırlar ki, işçi ixtisarına gedilməsin, işçiləri öz hesablarına məzuniyyətə göndərməsinlər. Bu da dolayısı yolla imkan verir ki, insanların rifah halına pandemiya şəraitində dövlətlə yanaşı öz dəstəyini göstərir”.
İqtisadçı ekspert başqa bir məsələnin sahibkarlıq subyektlərinin koronavirus pandemiyası dövründə vəzifələrindən birinin müəssisə daxilində, öz işçilərinin xəstəlikdən qorunması üçün maksimum tədbirlərin görülməsi olduğunu söyləyib. Əhatə dairəsinə düşən bütün şəxsləri, həm xidmət göstərdiyi işçiləri, həm də əməkdaşları qorumaq üçün müəssisədaxili ara məsafənin gözlənilməsi ilə bağlı tədbirlər görülməli - dezinfeksiya işləri həyata keçirilməli, işçilərin müəssisəyə daxil olarkən bütün dezinfeksiya prosedurlarına riayət edilməsinə və qoruyucu maskalardan istifadə edilməsinə nəzarət edilməlidir. Bu məsələlər ön planda olmalıdır.
R.Atakişiyev qeyd edib ki, sahibkarın digər bir öhdəliyi isə işçilərin növbəli qrafik əsasında işə gəlməsi məsələsidir: “İşçilərin hər hansınınsa səhhətində müəyyən narahatlıq doğuran simptomlar aşkarlanarsa, ev şəraitində müalicə olunmasına və yaxud stasionar müalicəyə götürülməsinə köməklik edilməlidir. Əslində, bu gün sahibkarlıq subyektləri dövlətin belə bir ağır günündə problemin həll olunmasında ən əsas aparıcı mövqedə dayanır”.

İqtisadiyyat 2020-07-08 12:36:00