×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi: Sərnişin sayında azalma müşahidə edilsə də, reysə çıxan avtobusların sayı azaldılmayıb

Bakı, 7 iyul, AZƏRTAC

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur. Buna baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, daşıyıcılara avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədi ilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir.
Hazırda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən çox avtobus cəlb edilir. Yalnız metro stansiyalarını əlaqələndirən 7 ekspress marşrut xətti üzrə isə gündəlik 80-dən çox avtobus xəttə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dan çox avtobus isə ehtiyat olaraq ekspress xətlərə cəlb edilib.
Ümumilikdə həm müntəzəm, həm də ekspress xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən çoxdur. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20 faiz çox avtobus cəlb olunub.

Nəqliyyat 2020-07-07 16:56:00