×
A
A
A
Sazlamalar

Səkinə Babayeva: Dövlətimizin səyi nəticəsində bu gün əhali tibbi maska baxımından əziyyət çəkmir

Bakı, 6 iyul, AZƏRTAC

Dövlətimizin səyi nəticəsində bu gün əhali tibbi maska baxımından əziyyət çəkmir. Dünyanı ağuşuna alan koronavirusla mübarizə dönəmində dövlətin və ölkə rəhbərinin yeritdiyi siyasətə dəstək olmaq hər bir vətəndaşın borcudur. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva deyib. Müsahibəni təqdim edirik.

- Səkinə xanım, rəhbəri olduğunuz Bakı Tekstil Fabriki bu gün Cənubi Qafqazın aparıcı müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullarla bağlı məlumat verərdiniz.
- 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirdikdən sonra həyatımı yüngül sənaye ilə bağladım. N.Nərimanov adına Bakı Trikolaj İstehsalat Birliyində sarıyıcı kimi fəaliyyətə başlayıb və nəzarətçi, mühasib, baş mühasib kimi də fəaliyyət göstərdim. 2000-2006-cı illərdə Bakı Tekstil Fabrikinin (BTF) idarə heyətinin sədr müavini, 2006-cı ildən idarə heyətinin sədriyəm. Uzun illər yüngül sənayenin istehsalı sahəsində təcrübəm var. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Bakı Tekstil Fabriki bu gün Cənubi Qafqazın aparıcı müəssisələrindən biridir. Bu fabrikdə adi sayırıcıdan nəzarətçi, mühasib, baş mühasib və sədr müavini vəzifəsinə qədər yüksəldim. 2006-cı ildən isə müəssisənin rəhbəriyəm. BTF-də yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur. Eyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Kоllеktivizin üzvləri trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. İstehsal etdiyi məhsullarda milli atributlara üstünlük verən fabrik yüksək keyfiyyət, peşəkarlıq və milli dəyərlər prinsipinə əsaslanaraq qurur və istehsal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarır.

- Rəhbərlik etdiyiniz fabrikin adı altında pandemiya ilə bağlı açılan maska istehsalı müəssisəsi barədə nə deyə bilərsiniz?

– Bu gün koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir və hər gün onminlərlə insan bu amansız bəlanın qurbanına çevrilib. Təsadüfi deyil ki, pandemiya ölkəmizdən də yan keçməyib və hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur. Koronavirusla bağlı beynəlxalq protokollar ara məsafəsi gözlənilməsini və maska ilə hərəkəti şərtləndirir. Azərbaycanda xəstəliyin yeni yarandığı və maska qıtlığı yarandığı bir dövrdə tibbi maskaların istehsalı zərurəti gündəmə gəldi. Məlumat üçün bildirmək istərdim ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə yaradılan müəssisədə tibbi maskaların qablaşdırılması üçün xüsusi qutulardan tutmuş ən incə detallar da yerli istehsaldır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi müəssisəmiz birinci mərhələdə gündəlik 120 min, ikinci mərhələdə 200-250 min maska istehsal etmək iqtidarındadır.
Maska istehsalı müəssisəsi bu gün ən müasir standartlara cavab verən müasir bir müəssisə olaraq ən son avadanlıqlara təchiz olunub. İstehsal edilən maskaların materialı dünya standartlarına cavab verir və keyfiyyətinə də tam zəmanət verilir. Dövlətimizin səyi nəticəsində bu gün əhali maska baxımından əziyyət çəkmir. Buna görə təbii ki, vətəndaş olaraq dövlətimizə, Azərbaycan Prezidentinə minnətdarlığmızı bildiririk. Məlum olduğu kimi, müxtəlif növ maskalar mövcuddur. Hazırkı pandemiya dönəmində, əsasən bakterioloji maskalardan istifadə edilir. Bu, daha çox tibb işçiləri üçün nəzərdə tutulur. N95 markalı maskalar çox keyfiyyətli və standartlara cavab verən maska növüdür. Müəssisəmizdə N95 markalı maskalar yüksək texnologiya ilə hazırlanır. Əminəm ki, müəssisənin istehsal gücü və istiqamətləri daha da genişlənəcək və əhalinin maska təminatında heç bir sual doğurmayacaq.
Sahibkarlıqdan öncə mən bir vətəndaşam. Ölkədə baş verən hadisələrə laqeyd qalmağımız mümkün deyil. Düşünürəm ki, dünyanı ağuşuna alan koronavirusla mübarizə dönəmində dövlətin və ölkə rəhbərinin yeritdiyi siyasətə dəstək olmaq hər bir vətəndaşın borcudur. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa səslənməsi hər bir təbəqədən olan vətəndaş üçün, həmçinin mənim və assosiasiyamızın üzvləri üçün örnək oldu. “Qan ver, həyat qurtar” devizinə yekdilliklə qoşulduq. Biz də öz növbəmizdə bu çətin günlərdə xəstəlikdən əziyyət çəkən insanlara bacardığımız qədər dəstək olduq. Bu məqsədlə qanvermə aksiyası keçirdik. Assosiasiyamızın üzvləri yekdilliklə aksiyaya qoşuldular. Paytaxtdan və digər rayonlardan bu aksiyaya qoşulanlar da oldu. Cəmiyyətdə tanınmış, nüfuzlu insanlar, ziyalılar, KİV nümayəndələri də sahibkar xanımlara dəstək oldular. Obrazlı desək, səsimizə səs verdilər. Çoxlu sayda insanların iştirak etdiyi aksiyada səksən nəfərdən çox adam könüllü olaraq qan verdi. İnsanlarımızın pandemiya dönəmində bir-birinə dəstək olması təbiidir. Bu ənənə xalqımızın milli-mənəvi dəyərlərinə bağlıdır. Nə gözəl ki, belə nəcib dəyərlər xalqımızın yaddaşında iz salaraq bu günə qədər gəlib çıxıb. Düşünürəm ki, bizim də üzərimizə düşən vəzifə xeyirxahlıq, humanistlik missiyasını şərəflə daşıyaraq özümüzdən sonrakı nəsillərə ötürməkdir. İndiki dönəmdə əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işləri geniş şəkildə davam etdirilməlidir. Vətəndaşlarımız özümüzün və doğmalarımızın, xalqımızın sağlamlığı naminə maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Qaydalara əməl etsək, bu bəladan daha asan və az itki ilə xilas ola bilərik. Mənə elə gəlir ki, məhdudiyyətlər götürülsə də, karantin qaydalarına özümüz əməl etməliyik. Yəni daxili məsuliyyət hissini bir an belə tərk etməməliyik. Unutmayaq ki, vətəndaş məsuliyyəti deyilən bir anlayış var. Biz hamımız bu məsuliyyəti məsuliyyətlə daşımağa borcluyuq. Bizim bir-birimizə edəcəyimiz ən böyük yardım maarifləndirməyə, insanların məlumatlandırılmasına təkan verməkdir. Əgər əhali, insanlarımız, əzizlərimiz məlumatlı olarsa, özünü və doğmalarını qoruyarsa, bu zaman kritik vəziyyət də yaşanmaz. Necə deyərlər, bütün çətinliklərə bilikli, məlumatlı olmaqla qalib gəlmək mümkündür.

- Türkiyədə “İlin mükafatı”na layiq görülmüsünüz.
- Bəli, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDAUİA) idarə heyətinin qərarı ilə sözgedən mükafatla təltif edildim. Eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçildim. TDAUİA-nın Mükafat Komitəsi türk dünyası mədəni-iqtisadi əlaqələrindəki rolum və Türkiyə-Azərbaycan arasında qardaşlıq əlaqələrinin inkişafı istiqamətindəki fəaliyyətimi yüksək dəyərləndirib. Fevral ayında mənə təqdim edilən "İlin iş adamı" nominasiyasında mükafata sahib olmaq, əlbəttə, üzərimə düşən məsuliyyətimi ikiqat artırır. Bu təltif mənim üçün ölkəmizi daha böyük tribunalarda layiqincə təmsil etmək kimi öhdəlikdir.
Məlumat üçün onu da deyim ki, ötən illərdə Azərbaycanın bir neçə görkəmli ictimai xadim və elm xadimi də nominasiyalarına layiq görülüb. Onların arasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, SOCAR-ın birinci vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə kimi nüfuzlu şəxsiyyətlər var.

Cəmiyyət 2020-07-06 18:51:00